Avtomobilini texniki baxışdan keçirməyən 53 sürücü cərimə olunub. Bunu “Report”a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi polkovnik Vaqif Əsədov bildirib.Şöbə rəisinin sözlərinə görə, Rusiya Federasiyası istehsalı olan avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatıb, xarici ölkə istehsalı olan avtomobillərin isə texniki baxışdan keçirilməsi prosesinə başlanılıb: “Xarici ölkə istehsalı və buraxılış ili 2011-ci ilə qədər olan avtomobillərin texniki baxışdan keçirilməsi sürücülər tərəfindən təmin olunmalıdır. Artıq Yol Patrul Xidməti əməkdaşları tərəfindən idarə etdiyi avtomobili texniki baxışdan keçirməyən sürcülərə qarşı reydlərə başlanılıb. Ötən sutkadan başlayaraq bu saata qədər 53 sürücü avtomobilini texniki baxışdan keçirmədiyi üçün inzibati qaydada cərimələnib”.
V.Əsədov əlavə edib ki, avtomobilini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 azn, vəzifəli şəxslər 100 azn, hüquqi şəxslər 300 azn cərimə olunacaqlar.
Onun sözlərinə görə, avtomobillərin texniki baxışı Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Diaqnostika Mərkəzində yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən texniki avadanlıqlar vasitəsi ilə aparılır: ”Avtomobilləri texniki baxışdan keçirmək üçün 20 manat dövlət rüsumu ödənilir. Texniki baxış zamanı avtomobildə hər hansı nasazlıq aşkar olunarsa həmin nasazlığı aradan qaldırıb yenidən texniki baxışa gələn sürücülərdən dövlət rüsumu tələb olunmur”.
V.Əsədov bildirib ki, sürücülər avtomobilini texniki baxışdan keçirmək üçün ayın sonuncu həftəsini gözləyirlər ki, bu da Diaqnostika Mərkəzində süni sıxlığın yaranmasına gətirib çıxarır: “Bir daha sürcülərə xəbərdarlıq edirik ki, avtomobillərini texniki baxışdan vaxtında keçirsinlər ki, ayın sonunda yaranmış sıxlıq səbəbi ilə gecikməsinlər”.