“Üç gündür Azərbaycan ərazisinə mülayim dəniz hava kütlələri daxil olub. Bu hava kütləsi ölkəmizin ərazisində maksimum 3-4 gün hakimlik edir. Sonra isə yerini isti hava kütlələrinə verəcək”.
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
O bildirib ki, Azərbaycan ərazisində hava şəraiti sabahdan etibarən sabitləşəcək: "Azərbaycan ərazisində temperatur normadan yuxarı olduqda alçaq təzyiq sahəsi yaranır, nəticədə Atlantik okeanı üzərində, bəzən isə Şərqi Avropa düzənliyi üzərində formalaşan mülayim kontinental hava kütlələri ölkə ərazisinə daxil olur və temperaturu bir qədər aşağı salır. Son 3-4 gündə əvvəlki günlərlə müqayisədə güclü küləyin əsməsi, temperaturun 4-5 dərəcə aşağı düşməsi mülayim dəniz hava kütlələrinin Azərbaycana daxil olması ilə bağlıdır. Bu iyul ayı üçün gözlənilən hal deyil”.
Mütəxəssisin sözlərinə görə, iyulun 12-i axşam Bakıda yağış yağacağı ehtimalı var: “Rayonlarda da yağış yağacaq. Bundan sonra küləyin surəti zəifləyəcək. İyulun 13-dən etibarən isə havanın temperaturu yay fəslinə uyğun olaraq adi halda davam edəcək”.
O xatırladıb ki, yayın əvvəllərində dağlıq ərazilərdə güclü yağış yağması, şimşək, ildırım çaxması gözlənilən haldır: “Yəni ilin bu vaxtı dağlıq ərazilərə yağış yağmağı gözlənilməz hal deyil. Azərbaycanın düzən rayonları və Bakı üçün isə təbii ki, gözlənilməzdir”.
M.Həsənovun qeyd edib ki, iyul ayının ikinci yarısında havanın temperaturu 38-41 dərəcə aralığında tərəddüt edəcək: “Yəni ayrı-ayrı günlərdə günorta saatlarında, günün isti dövründə 41 dərəcəyədək isti olacaq. Bu orta sutkalıq temperatur deyil, günün müəyyən dövrünə aiddir”.