Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 103 xidmətinə gündəlik ortalama 2 minə qədər çağırış daxil olur.Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, ümumilikdə, BŞTTTYS yanvar-iyun aylarında 300 mindən artıq ümumi müraciət daxil olub. Daxil olmuş müraciətlər nəticəsində 25 mindən artıq şəxs stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib.
Daxil olan çağırışların 37 minə yaxını uşaqlar üçün edilib və 5 minə yaxın uşaq xəstəxanalara yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində cari ilin yanvar-iyun ayları ərzində çox ağır vəziyyətdə olan 1000 nəfərdən artıq insanın həyatı xilas edilib.
Hesabat dövründə, miokard infarktı ilə 480 nəfər müraciət edib ( onlardan 465 nəfər hospitalizasiya edilmişdir), insultla – 1500 (hospitalizasiya - 1400), doğuşla bağlı – 1600 (hospitalizasiya - 1590), avtoqəza zamanı xəsarət alanlarla bağlı - 900 (hospitalizasiya -800-dən artıq).
Bu il ərzində Təcili tibbi yardıma ehtiyacı olan 150 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib.
Eyni zamanda, pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.
Qeyd edək ki, 103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq mümkün olacaq.