Zöhrə Əlimirzəyeva: “Hazırda hər il leykozla ilkin xəstələnmə uşaqlar arasında 50-60 nəfərdə aşkarlanır”
“Leykozla bağlı isə ən az müraciət Lerik rayonundandır”
Tibb elmi inkişaf etdikcə bir zamanlar insanlar üçün böyük narahatlıq yaradan bir çox xəstəliklərin müalicəsi mümkün olub. Bu gün də bəzi sağalmaz xəstəliklər olsa da, amma elə xəstəliklər var ki, onlardan xilas olmağın yolu elə insanların öz əlindədir. Son illər respublikamızda da qan xəstəliklərinin qarşısının alınması istiqamətində ciddi işlər görülür. Xüsusən, leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu ilk növbədə leykozların molekulayar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin traqet (hədəf) terapiyası üsullarının işlənib-hazırlanmasına aiddir. Həmçinin, 2015-ci ilin iyunundan respublikamızda nikaha daxil olanların tibbi müayinəsinin aparılması talassemiya daşıyıcılarının aşkarlanmasına imkan yaratmışdır. Müayinə olunan çütlüklərin hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan zaman talassemiyalı uşaqların doğulma riskini nəzərə alaraq Respublikamızda ilk dəfə talassemiya daşıyıcısı olan hamilə qadınlarda prenatal diaqnostika aparılmışdır. Hazırda nikahdan öncə aparılan müayinələr talassemiya xəstəliyinin qarşısının alınmasına yardım edəcək. Qan xəstəliklərinin müalicəsi ilə bağlı görülən və gələcəkdə görülməsi planlaşdırılan işlərlə bağlı məsələlərə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.
- Zöhrə xanım, respublikamızda qan xəstəliklərinin müalicə imkanlarını necə qiymətləndirmək olar?
- Son illərdə qan xəstəliklərindən əziyyət çəkən şəxslərə tibbi yardımın göstərilməsində əhəmiyyətli dönüş baş vermişdir. Respublikamızda qan xəstəlilklərinin müayinə və diaqnostikası imkanları əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb. Bundan başqa insanların məlumatlılıq səviyyəsi də xeyli artıb. Eyni zamanda elə bizim institut da daxil olmaqla əksər tibb ocaqlarında ən müasir avadanlıqlar quraşdırılıb və tam dəqiq dioqnostika aparmaq mümkündür. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu da əsaslı təmir olunub. Düzdür, biz son illər xəstələrin sayının artmasının şahidi oluruq. Amma bu ümumi xəstəliyin artması deyil, sadəcə xəstəliyin dəqiq diaqnostikasının aparılması və insanların bu xəstəliklərlə bağlı bilgiləndirilməsinin nəticəsidir. Həmçinin, dəqiq diaqnoz qoyulub adekvat müalicə alan şəxslərin orta yaşama müddəti də xeyli artıb.
Bizim İnstitutumuzda qan xəstəliyindən əziyyət çəkən xəstələrə ixtisaslaşdırılmış hematoloji yardım göstərilir. Eləcə də Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrə lazımi müayinə və müalicələr aparılır. Hemofiliyalı xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardım Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsində həyata keçirilir.
- Hər il təxminən neçə nəfərdə ilkin leykoz xəstəliyi aşkarlanır?
- Müasir təbabətdə leykoz səhiyyənin ən aktual problemlərindən biridir və bütün bədxassəli xəstəliklərin təxminən 8 faizini təşkil edir. Hazırda ölkəmizdə leykozların müasir diaqnostikası təşkil olunmuşdur. Molekulyar-genetik və sito-genetik müayinələr aparılır ki, bu müayinələr də leykoz xəstəliyinin müalicəsinin monitorinqini aparmağa və müsbət nəticələr almağa kömək edir. Hazırda Azərbaycanda qan xəstəliklərində artım müşahidə olunmur. Dünya statistikasına əsasən hər il leykozla xəstələnmə 9-13 nəfər arasında dəyişir. Qərbi Avropada rastgəlmə tezliyi göstəricisi 100000 nəfərə 7,7 Amerikada 100000 nəfərə 30 nəfər, MDB ölkələrində -7,1-dir. Azərbaycanda isə hər 100 min nəfərə 4-5 xəstələnmə halı qeydə alınır. Hazırda hər il leykozla ilkin xəstələnmə uşaqlar arasında 50-60 nəfərdir. Böyüklər arasında isə bu rəqəm 300-ə çatır. Hazırda Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda da bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub. Leykoza gətirib çıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də DNT səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyən edilməsi praktikaya tətbiq edilib. Uzun illərdir ki, daha doğrusu 2003-cü ildən İnstitutda qeydiyyatda olan Xroniki mieloleykozlu xəstələr inovasion dərman preparatı olan Glivek preparatı ilə təmin edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən xronik miyeloleykozun hədəf müalicəsi üçün istifadə edilən "Tasiqna" innovasion preparatı da əldə edilib. Bu xəstələr mütəmadi olaraq institumuza müraciət edərək dərman preparatlarını pulsuz əldə edə bilirlər. Və nəhayət leykozların müalicəsində sümük iliyi transplantasiyası üsulu da tətbiq edilməyə başlanıb. Bu isə leykozlu xəstələrin yaşama müddətinin artmasına, onların həyat keyfiyyətinin yaxşılaşmasına və hətta tam sağalmasına zəmin yaradıb.
- Respublikamızın hansı rayonlarından leykozla bağlı digər rayonlara nisbətən daha çox müraciət daxil olur?
- Konkret bir rayondan daha çox müraciət varsa, orada xəstəliyin daha geniş yayıldığını deyə bilmirik. Çünki respublikanın bütün rayonlarından müraciətər olur. Bu rəqəmlər həm də illərdən asılı olaraq dəyişir. Amma Aran rayonlarından müraciətlər daha çoxdur. Həmin ərazilərdə isə əvəllər kənd təşərrüfatı daha çox inkişaf edib və kimyəvi gübrələrdən geniş istifadə olunub. Uzun müddət torpağa çökən həmin kimyəvi maddələr təsirsiz qalmayıb. Leykozla bağlı isə ən az müraciət Lerik rayonundandır. Bu da xəstəliyin yaranmasında ekoloji amilin təsirsiz olmadığı qənaətini yaradır. Amma hansı rayondan müraciət etməsindən asılı olmayaraq leykozlu xəstələr bizim xəstəxanada müalicə alırlar.
- Əvvəlki illərdə xəstələr ilkin müraciət etdikləri dövrdə bəzən düzgün diaqnoz qoyulmadığından şikayətlənirdilər. Bununla bağlı vəziyyətdə nə kimi dəyişikliklər var?
- Bu gün də tibb elmində leykozun özünün spesfik əlamətləri ilə bağlı konkret fikir yoxdur. Leykozların ilkin əlamətləri ümumi xarakter daşıyır: xəstədə qan azlığı,ümumi zəiflik, tempratur, oynaqlarda ağrılar, dəridə göyərmələr. Bu ilkin əlamətlərdən bəzən leykozu başqa xəstəliklərə bənzədirlər. Valideyinleər bəzən bu əlamətlərə görə infeksionistə, revmatoloqa müraciıt edirlər. Çünki hərarət, oynaqlarda ağrılar, anemiya digər virus xəstəlikləri, bakterial infeksiyalar, revmatoloji və bir sıra digər xəstəliklər zamanı da meydana şıxa bilər. Amma bu əlamətlərlə bağlı qan analizlərinin nəticəsi şübhəli olduqda mütləq hemotoloqun konsultasiyası təyin olunmalıdır. Hemotoloqun ilkin konsultasiyası zamanı isə qan xəstəliyinin olub-olmadığı dəqiqləşir. Çünki əksər hallarda qanın ümumi analizi ilə də qan xəstəliyinin ilkin əlamətlərini görmək mümkündür. Xəstənin vaxtında müraciət etməsinin də çox böyük əhəmiyyəti var. Çünki xəstə nə qədər tez müraciət edərsə, müayinə və müalicə də o qədər effektli olur.
- Leykozu yaradan səbəblərlə bağlı tibbdə hansısa yeniliklər varmı?
- Bununla bağlı hələ ki yekun qərar yoxdur. Leykozun səbəbi məlum olsa, tam müalicə və xəstəliyin qarşısını almaq çoxdan mümkün olardı. Xəstəliyin yaranmasına xeyli sayda amillər səbəb ola bilər. Bunlar – kimyəvi faktorlar, ionlaşdırıcı radiasiya, ətraf mühitin əlverişsiz faktorlarıdır. Həmçinin, orqanizmin immun sisteminin də burada rolu böyükdür. Ümumiyyətlə leykoz çox saylı faktorların təsiri nəticəsində inkişaf edən mürəkkəb bir prossesdir.
- Leykozlu xəstələrin müalicəsi ilə bağlı ayrıca Dövlət Proqramı varmı?
(ardı var)
Yazı “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Qan xəstəliklərinin qarşısının alınması üçün ictimai maarifləndirmə “ layihəsi çərçivəsində hazırlanıb