Bakı-​İstanbul aviareyslərinin sərnişinləri biletləri qaytarmağa başlayıb

16:51 - 30 İyun 2016 - Xəbər

Atatürk Hava Limanında baş vermiş terrort aktı ilə əlaqədar artıq bu gün "Azərnaycan Hava Yolları" (AZAL) QSC-nin Bakı-İstanbul reysinə alınan aviabiletlərin sərnişinlər tərəfindən qaytarılması hallarına rast gəlinib.“Report”un sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, hazırda bu istiqamət üzrə avibiletləri qaytaranlar var: “Türkiyəyə “AZALJET” və digər reyslərə alınan biletlərdə qaytarılma halları müşahidə olunur. Lakin bu, kütləvi xarakter daşımır". Aviaşirkət tərəfindən qəbul olunan qərara əsasən, “Azərbaycan Hava Yolları”nın Türkiyə istiqamətində iyunun 28-dən iyulun 5-dək olan uçuşlara İstanbul hadisəsindən öncə bilet əldə edən sərnişinlərin istəkləri əsasında həmin aviabiletlər iyulun 15-nə kimi başqa tarixlərə pulsuz dəyişdirilə və ya cəriməsiz qaytarıla bilər: "Bu səbəbdən bilet qaytaranların dəqiq sayını hələ açıqlamaq tezdir”.

Qeyd edək ki, göstərilən tarixdən sonra biletlərin qaytarılmasında güzəşt tətbiq olunmayacaq və bu proses əvvəlki qaydada aparılacaq.
Şirkətdən bildirilib ki, Türkiyə istiqamətində olan uçuşlar əvvəlcədən təsdiq edilən uçuş cədvəlinə uyğun olaraq davam etdirilir.
“Türk Hava Yolları”nın (THY) Bakı ofisində də “Report”a biletlərin qaytarılma hallarının olduğu təsdiq olunub.
Eyni zamanda, THY-nin baş ofisinin yaydığı xəbərə əsasən, iyunun 28-dən iyulun 5-dək Atatürk Hava Limanına gələn və buradan qalxan təyyarələrə bilet alan sərnişinlər üçün iyulun 31-dək qeydiyyatla bağlı bütün müraciətlərlə bağlı prosedurlar pulsuz həyata keçiriləcək.

Xəbər xətti