XİN: ABŞ-ın Ermənistandakı keçmiş səfirinin adı "arzuolunmaz şəxslər siyahısı"na salınacaq

18:48 - 29 İyun 2016 - SİYASƏT

 "ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir". XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib. 
"O, ABŞ-dakı erməni lobbisinin diqtəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir. Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil. ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin maraqlarından çıxış edib",- deyə H.Hacıyev vurğulayıb. 
Onun sözlərinə görə, C.Evans qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağırılıb: "Onun adı "arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcək". 

Xəbər xətti