"Əmək pensiyaları" haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşın, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Dünən bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi.
Ucnoqta.az xəbər verir ki, bu sözləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar:
"Belə ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-dək hesabında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir.
"Sosial müavinətlər haqqında" Qanuna əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin olunur. Yəni, həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar.
Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, müavinəti almaq yaş həddi 5 il azaldılır. Göründüyü kimi, əmək pensiyaları hüququ kimi güzəştli şərtlərlə yaşa görə müavinət də 5 il daha tez təyin olur. Yəni əgər bu kateqoriya üzrə qadın bu hüququdan istifadə edirsə, o zaman 59, kişiyə şamil olunursa, o halda 60 yaşında müavinət ala bilər.
Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir".