Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış səhər saat 6:00-dan etibarən kəsilib.
Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı 5 mm-dək olub.
Qərb rayonlarında isə müşahidə olunan yağıntı aprelin 17-si gecə saatlarında kəsilib, lakin bəzi şimal və şərq rayonlarında davam edir. Səhərədək düşən yağıntının miqdarı Quba, Qusar, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada 2-10 mm qeydə alınıb.
Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltanda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 76 sm, Qrızda 38 sm, Lerik və Xaltanda isə 8 sm təşkil edir.
Bakıda və Abşeron yarımadasında gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-dək güclənib, səhər saatlarında isə 20 m/s-dək zəifləyib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarında isə 2 dərəcəyədək şaxta qeydə alınıb.