Ermənistan prezidentinin və digər şəxslərin ucuz, nalayiq çıxışları riyakarlığın təzahürüdür. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 8-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edərkən deyib.
Dövlətimizin başçısı görüşdə çıxış edib: "Hörmətli səfirlər, mən sizin hamınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə ürəkdən təbrik edirəm. Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir. Mən şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Bu, bizim dostluğumuzu, həmrəyliyimizi göstərir. Xahiş edirəm ki, Ramazan ayının başlaması münasibətilə mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq edirik".
Prezident əmin olduğunu bildirib ki, bu əməkdaşlıq gələcək illərdə daha da dərinləşəcək: "Müsəlman ölkələri ilə əməkdaşlıq bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Respublika Gününə həsr edilmiş rəsmi qəbulda xarici siyasət prioritetləri haqqında danışarkən mən bu məqamı xüsusi qeyd etmişdim. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik və daim bir-birimizi dəstəkləyirik. Biz həmişə BMT-də Azərbaycan ilə bağlı məsələlər müzakirə olunarkən müsəlman ölkələrinin dəstəyini hiss edirik və öz növbəmizdə həmişə BMT-də müsəlman ölkələrini dəstəkləyirik. Aprel ayında İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə də biz bir daha bu həmrəyliyi nümayiş etdirmişik. Bildiyiniz kimi, Zirvə Görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənəd qəbul edilmişdir, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatı pislənilmişdir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılmışdır. Biz bu addımları çox yüksək qiymətləndiririk və bütün bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk".
İlham Əliyev vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması region üçün böyük təhlükədir: "Bizə qarşı ədalətsizlik törədildi, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır və 1 milyondan çox qaçqın-köçkün bu münaqişədən əziyyət çəkir. Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarımızda bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Məscidlərimizin böyük hissəsi dağıdılıb, qalan yarıdağılmış məscidlərdə ermənilər hərbi qərargahlar yaratmışlar. Bu barədə bu yaxınlarda xarici jurnalistlər də məlumat vermişlər və fotomateriallar təqdim etmişlər. Bununla bərabər, Ermənistanın rəhbərliyi Avropa ölkələrində olarkən daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışır. Bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar bu çətin coğrafi vəziyyətdə - üç müsəlman ölkəsinin əhatəsində xristian dəyərlərini müdafiə edirlər. Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, Azərbaycanda dini, milli zəmində heç vaxt heç bir münaqişə, yaxud da ki, anlaşılmazlıq olmamışdır".
Dövlət başçısı əlavə edib ki, Azərbaycanda məscidlərlə bərabər, kilsələr, sinaqoqlar tikilir. Erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz olaraq qalır və eyni zamanda, Azərbaycan dövləti o kilsənin təmirinə vəsait ayırıbdır: "Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nalayiq çıxışları, əlbəttə, bir daha demək istəyirəm ki, riyakarlığın təzahürüdür. Bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinə düşmən gözü ilə baxır, əks təqdirdə, belə cəfəng bəyanatlar verməzdi. Amma bununla bərabər, öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx əlaqələr qursun. Mən əminəm, müsəlman ölkələrinin rəhbərliyi və ictimaiyyəti kifayət qədər məlumatlıdır ki, Ermənistan İslam abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün cəhdlər göstərir".
Prezident bildirib ki, bir sözlə, bütün müsəlman aləmi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə, həm də bütün başqa məsələlərlə bağlı birlik, həmrəylik nümayiş etdirməlidir: "Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir, ciddi addımlar atır. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Biz açıq şəkildə müxtəlif səviyyələrdə, ən yüksək səviyyələrdə bu məsələ ilə bağlı öz sözümüzü deyirik, islamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik. İslamofobiya həm müsəlman ölkələri və xalqları, eyni zamanda, bu çirkin meyillərə rəvac verənlər üçün də təhlükədir. Bu, qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi, sülh şəraitində yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq. Nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır. Bildiyiniz kimi, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilmişdir. BMT-nin Sivilizasiyalar Alyansının bu il Azərbaycanda Qlobal Forumunun nəticələri bir daha onu göstərir ki, Azərbaycan bu yolda çox böyük uğurlara imza atıb".
İlham Əliyev xatırladıb ki, ötən il Bakıda birinci Avropa Oyunları keçirildi, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcək: "Əminəm ki, İslam Həmrəylik Oyunları tarixdə təkcə idman yarışı kimi qalmayacaq. Biz istəyirik ki, İslam Həmrəylik Oyunları gələn il bütün dünyaya nümayiş etdirsin ki, İslam aləmi birliyə, sülhə, sabitliyə çağırır. Eyni zamanda, əminəm ki, bu Oyunlar İslam mədəniyyətinin təzahürü olacaqdır. Həmrəylik Oyunlarından bir il sonra - 2018-ci ildə qədim Azərbaycan şəhəri Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan olunacaq. Bir neçə il bundan əvvəl Bakı bu şərəfli ada layiq görülüb. İndi isə Naxçıvan bu şərəfli missiyanı icra edəcək.
Bir sözlə, bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanda çalışırıq ki, İslam ölkələri arasındakı birliyi daha da gücləndirək. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
Bir daha sizi salamlayıram və sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun".
Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək deyib: "Zati-aliləri cənab Prezident. Bizi qəbul etdiyinizə görə Sizə çox təşəkkür edirik. Biz - müsəlman ölkələrinin səfirləri və müvəqqəti işlər vəkilləri Sizə müqəddəs Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularımızı bildirmək istərdik. Allah Sizi, ailənizi və qardaş Azərbaycan xalqını qorusun! Biz, həmçinin fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını müstəqilliyinizin bərpa olunmasının qarşıdan gələn 25-ci ildönümü münasibətilə təbrik edirik.
Onu da demək lazımdır ki, biz uzun müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə böyük inkişafını məmnuniyyətlə izləmişik və hazırkı qlobal iqtisadi vəziyyətə baxmayaraq, ölkənizin iqtisadiyyatı artmaqda davam edir. Azərbaycan iqtisadiyyatına olan etimad hər zaman eyni səviyyədədir və hətta artmaqdadır. Sizin müdrik rəhbərliyiniz ilə hökumət vəziyyətə daha yaxşı nəzarət etmək üçün işləyir. Bir çox sahələrdə layihələrin həyata keçirilməsi uğurla davam edir. İnfrastruktur inkişaf edir və bütün layihələrin icrası bir neçə il ərzində başa çatacaq.
Zati-aliləri, təxminən bir həftədən sonra Bakı "Formula-1" Qran-prisinin şahidi olacağıq. Gələn il Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. 2012-ci ildə Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi və 2015-ci ildə birinci Avropa Oyunları təşkil olundu. Bu, çox böyük nailiyyətdir. Bütün bunlar Azərbaycanın zəngin mədəniyyətinə və sivilizasiyasına sadiqliyi nümayiş etdirməklə bərabər, ölkənin müasirləşdirilməsi ilə bağlı möhtəşəm plan kimi qəbul olunur. Azərbaycan balanslaşdırılmış diplomatik davranışı formalaşdıran müdrik xarici siyasət sayəsində inkişaf edir. Bu, mehriban qonşuluq və münaqişələrin sülh yolu ilə həlli prinsiplərində öz əksini tapıb. Bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatının üzvləri olaraq bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edir, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl olunması ilə həllinin tərəfdarıdır.
Zati-aliləri, icazə verin, bir daha Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına inkişaf və firavanlıq arzulayım. Zati-aliləri, təşəkkür edirəm".
Sonda xatirə şəkli çəkdirildi.