Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il Seyran Seyidovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında Seyran Seyidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Seyran Seyidovun vəkili müdafiə çıxışı edib.
Məhkəmə prosesi iyunun 10-da davam edəcək. Təqsirləndirilən şəxs prosesdə son söz deyəcək.
Qeyd edək ki, Bakı şəhər Prokurorluğu paytaxtda polislərin düşdüyü ağır qəza ilə bağlı məlumatda bildirilir ki, yanvarın 4-də saat 01 radələrində 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı, 90 NK 946 dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “Volkswagen” markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilib və aldığı xəsarətdən orada vəfat edib. Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə KTM-ə yerləşdirilib.