"Xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır"

19:17 - 7 İyun 2016 - KİVDF

Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dövlət siyasətidir

Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm dayaqlar üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır. Azərbaycançılıq ideologiyasında bu aparıcı istğiqamətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da bu dayanır. Ümummilli liderimizin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir, azərbaycançılıq siyasətinin özəyini təşkil edir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycanın təcrübəsindən, modelindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyil. Bütün bunlar həm də Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Digər tərəfdən, mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına böyük önəm verən, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində məqsədyönlü işlər görən, Azərbaycan mesenatlığının dirçəldilməsində layiqli nümunə göstərən ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə dinə olan dövlət qayğısının əyani təzahürüdür. "Beləliklə, deyə bilərik ki, ölkəmizdə dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: milli-mənəvi dəyərlər kompleksi və qanunvericilik bazası. Bu sahədə qanunvericiliyimizin əsasını ölkə Konstitusiyası və "Dini etiqad azadlığı haqqında" qanun təşkil edir. Ötən müddət ərzində edilmiş əlavə və dəyişikliklər hesabına hüquqi bazamız daha işlək demokratik format qazanıb. Bəllidir ki, dövlət üçün imtiyazlı, yaxud başqasından üstün dini qurum yoxdur. Bu anlamda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində strateji vəzifələrimiz üç əsas amil üzərində qurulub: dini etiqad azadlığının təmin edilməsi; dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması; dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması".
Mübariz Qurbanlının sözlərinə görə, son vaxtlar radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması və aradan qaldırılması üçün çox böyük işlər aparılıb. "Artıq bu yöndə Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də ideoloji qurumların apardığı işlər öz mühüm nəticələrini verir. Qeyd edək ki, bu əməliyyatlar bütün ölkə ərazisində keçirilir. Dini maarifləndirmə işi də sadəcə Bakı şəhərində deyil, bütün bölgələrdə uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən mütəmadi olaraq bölgələrdə icmalarla birlikdə tədbirlər təşkil olunur. Bundan başqa, ölkədə Dövlət Komitəsi radikalizmlə mübarizə, gənclərin dini maarifləndirilməsi, multikulturalizm və s. mövzularda geniş həcmli layihələr həyata keçirir".
O bildirib ki, Azərbaycanda radikal dini qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib. "Bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır. Bura Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar radikallaşmış dini qruplar tərəfindən qanun pozuntusuna yol verildiyi təqdirdə, onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar. Bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və DTX birgə geniş tədbirlər həyata keçirir. Digər istiqamət isə iqtisadiyyat sahəsi ilə bağlıdır". Onun sözlərinə görə, radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. "Təbii ki, bu yolverilməzdir. Üçüncü istiqamət ideoloji-təbliğati yoldur və bu yolla radikalların bazasının çökdürülməsidir. İdeoloji-təbliğati yol əsl İslami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Biz bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstəririk. Bu iş kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirilir".
Mübariz Qurbanlı deyib ki, mədəniyyətimizi, ənənələrimizi necə qoruyuruqsa, dinimizlə də bağlı bu proses getməlidir. Bu barədə bilgilər əlbəttə ki, məktəblərdə verilməlidir. Dini bilgi dedikdə Quranı, ərəb əlifbasını öyrətmək, dindar yetişdirmək deyil, din haqqında ümumi bilgilərin verilməsi nəzərdə tutulur. "Bilirsiniz ki, din dövlətdən ayrıdır, dini etiqad azadlığı, vicdan azadlığı var. Lakin dövlət dini himayədən imtina etməyib. Ümumiyyətlə, məktəblərdə "Həyat bilgisi" dərsliyi var ki, müxtəlif mövzuları, o cümlədən İslam dinini əhatə edir. Bu dərslikdə başqa dinlər haqqında da məlumatlar verilir. Mən düşünürəm ki, yuxarı siniflərdə, yəni 9-10-cu siniflərdə din tədris edilərsə yaxşı olar. Çünki bu, gənclərin formalaşdığı bir dövrdür. Azərbaycan multikulturalizm, tolerantlıq məkanıdır və bütün bunlar dərslikdə özünün geniş əksini tapa bilər. Burada dinin mahiyyəti əks olunmalıdır. Eyni zamanda zərərli cərəyanlar haqqında da bilgilər verilməlidir ki, gənclər ayıq-sayıq olsunlar".
Onun sözlərinə görə, Azərbaycanda xaricdə qeyri-qanuni hərbi birləşmələrə, xüsusən də İŞİD-ə qoşulanların sayı demək olar ki, yox dərəcəsindədir. "Əlbəttə ki, burada əsas amillərdən biri məhz maarifləndirmədir. Bu birləşmələrin "cihad" adı ilə apardıqları təbliğatın həqiqi üzünü açmaq, insanlara bunu düzgün şəkildə çatdırmaq çox vacib məsələdir və bu öz bəhrəsini verir. Dünyada İslam və digər dinlərdən öz siyasi məqsədləri, radikal qruplardan isə geosiyasi maraqları naminə istifadə edən qüvvələr az deyil. Biz İslam dünyasının bir hissəsiyik və İslam ölkələrində baş verən proseslər bu və ya digər dərəcədə istər-istəməz bizə təsir edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikallığa və ekstremizmə qarşı məqsədyönlü mübarizə aparır. Bu məqsədlə regional konfranslar, seminarlar, görüşlər keçirilir, habelə kitab və digər materiallar nəşr edilir. Buna misal olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş maarifləndirici səciyyə daşıyan "Fitnə" filmini göstərmək olar. Film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir. Gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlmiş bu film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda xaricdə qeyri-qanuni hərbi birləşmələrə qoşulanların sayına təsir edən digər amil isə bu birləşmələrə qoşulanların dindən uzaq müxtəlif qüvvələrin siyasi maraqlarının, çirkin məqsədlərinin alətlərinə çevrilmələrini görüb dərk etmələri və buna görə böyük peşmanlıq hissi keçirmələridir".
Mübariz Qurbanlı bildirib ki,  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 mart tarixli sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair tədbirlər planına əsasən, Azərbaycan multikulturalizminin tarixini öyrənmək istiqamətində Qafqaz Albaniyası ilə bağlı "Alban Apostol kilsəsi: dünənimiz və bu günümüz" mövzusunda beynəlxalq konfransın, V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Səmavi dinlərin tarixi" layihəsinin I hissəsinə (İudaizm) aid sərginin təşkili nəzərdə tutulub.

Xəbər xətti