"Sərhədsiz Reportyorlar"dan Azərbaycana qarşı TƏXRİBAT

17:41 - 7 İyun 2016 - Xəbər

İyun ayının 7-də Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda “Sərhədsiz Reportyorlar” jurnalistləri müdafiə təşkilatı Azərbaycan əleyhinə piket keçirməyə cəhd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə,  “Sərhədsiz Reportyorlar”ın təşkil etdiyi aksiyada qondarma "Dağlıq Qarabağ Respublikasının" da "bayrağı" qaldırılıb. Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin "bayrağı"nını hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat istəyiblər. "Sərhədsiz reportyorlar" təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına sükutla cavab veriblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri "bayrağı" yığışdırıblar.
Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları “Sərhədsiz Reportyorlar” jurnalistləri müdafiə təşkilatının təşkil etdiyi aksiyada baş verən bu insidentlə bağlı təşkilatın mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır. Sorğuda qurumun təşkil etdiyi bir aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələbi əksini tapacaq.
Xatırladaq ki, bu gün Almaniyanın Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının Berlin Azərbaycan Evi, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və Azərbaycanlı Tələbələr Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə baş tutub. Aksiyada 200-dən çox həmvətənimiz iştirak edib.


Xəbər xətti