“Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə əsasında sülh yolu ilə həllini istəyirik”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Prezidentin sözlərinə görə, bu qətnamələr 20 il əvvəl qəbul edilib və sənədlərdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən tez bir zamanda və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur: “Təəssüf ki, bu qətnamələr yerinə yetirməyib. Bunun üçün mexanizm yoxdur. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllinə istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil. Ermənilər təmas xəttində təxribatlar törətdi, biz də özümüzü, dinc vətəndaşlarımızı müdafiə etməliydik. Həmin vaxt ermənilər tərəfindən 8 mülki vətəndaş öldürüldü".
Dövlət başçısı qeyd edib ki, "status kvo" dəyişməlidir: "ATƏT-in Minsk qrupu həmsədrləri və bu ölkələrin prezidentləri də "status-kvo"nun qəbuledilməz olduğunu elan ediblər. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir”.