Bundan sonra Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.
Ə.Həsənov qeyd edib: "Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik, dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının və BMT Nizamnaməsinin müəyyən tələbləri var ki, onlara əməl etməliyik. Beynəlxalq hüququn normaları var ki, bu tipli münaqişələr dinc yolla həll olunmalıdır. Amma eyni zamanda BMT-nin 4 qətnaməsi var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Nə o yerinə yetirilir, nə bu yerinə yetirilir. Beynəlxalq münasibətlərin ikili standartları orada özünü nümayiş etdirir ki, məsələn, Küveytin işğalından sonra beynəlxalq hüquq normaları və beynəlxalq aləmin iradəsi qısa müddətə reallaşdırıldı, qısa müddətdə - bir həftə ərzində Küveyt işğaldan azad olundu. Və yaxud başqa ərazilərdə də belə hallar baş verib. Amma 20 ildən artıqdır ki, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi həyata keçirilmir. Bu, beynəlxalq münasibətlərin indiki eybəcər, fərqli-fərqli standartlara malik olmasının nümunəsidir".
Cəbhədə aprel hadisələrinə toxunan Ə.Həsənovun sözlərinə görə, aprelin 4-ü olan kimi dərhal bütün beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana bəyanatla müraciət etdilər ki, atəşi dayandırın: "BMT TŞ-nin üzv dövlətlərindən müraciət daxil oldu. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər üçü israrla atəşin dayandırılmasını tələb etdilər. Və əlbəttə, buna haqları da var, beynəlxalq hüquq normaları onu tələb edir ki, münaqişə dinc yolla həll olunsun. Ona görə də Azərbaycan məcburiyyət qarşısında qalaraq müharibəni dayandırdı və bu işdə əsas rol Rusiya Prezidenti Vladimir Putinin rolu idi".
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn hissəsi kimi, beynəlxalq hüquq normalarına və beynəlxalq aləmin tələblərinə də əməl etmək məcburiyyəti qarşısında qalır: "Artıq Vyanada da proseslər göstərdi ki, Azərbaycan həmsədr ölkələrlə daha tələblə danışırdı. Bunu etməyə Azərbaycanın haqqı da var. Ermənistan isə sadəcə olaraq başqalarının iradəsini araşdırmaqla məşğul idi. Sadəcə ayrı-ayrı yollar, ayrı-ayrı kombinasiyalarla bu danışıqları uzadaraq, mövcud status-kvonu qorumaq mövqeyi burada da nümayiş olundu".
Ə.Həsənov hesab edir ki, həmsədr ölkələr artıq bu status-kvonun uzun müddət qorunub saxlanılmayacağı fikrində qətidirlər və bundan sonra münaqişə daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq: "Əsas odur ki, burada görüşlərin daha tez-tez, daha çoxsaylı olması məsələni həll etmir, görüşləri təşkil edən həmsədr ölkələrin iradəsi ortaya qoyulmalıdır. Burada iradə deyiləndə, biz nə gözləyirik? Ermənistana təzyiq göstərməlidirlər, onu məcbur etməlidirlər ki, sülh danışıqları prosesinə ciddi yanaşsın".