Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin maraqlarına ciddi zərbədir - Ekspert

12:12 - 6 Yanvar 2026 - SİYASƏT

Veneseuala Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin kəskin reaksiyasına səbəb olub. Pekini həm də o narahat edir ki, Maduro oğurlanmadan bir gün əvvəl paytaxt Karakasda Çindən gələn nümayəndə heyətini qəbul etmişdi. Deməli, Vaşinqton Maduronun oğurlanmasını planlayarkən, Çinlə Venesuela arasındakı səx əlaqələri nəzərə almayıb. 

Ucnoqta.az xəbər verir ki, bu politoloq Elxan Şahinoğlunun şərhində bildirilir. Politoloq qeyd edir ki, Çin üçün Venesuela Latın Amerika qitəsində möhkəmlənmək üçün vasitə idi:
"Ona görə də Maduronun oğurlanaraq ABŞ-a aparılması Çinin maraqlarına da ciddi zərbədir. Nikolas Maduro 2023-cü ildə Pekində Çin lideri Si Cinpinlə görüşündə ikitərəfli münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini bəyan etmişdi. İki liderin 2025-ci ilin may ayında Moskvada keçirilən son görüşü zamanı Si Cinpin Maduroya bildirmişdi ki, Çin Venesuela ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır. O, bunu da söyləmişdi ki, Pekin Venesuelanın dövlət suverenliyini və sosial sabitliyinin qorunmasını qətiyyətlə dəstəkləyəcək". 

Elxan Şahinoğlu qeyd edir ki, ABŞ Venesuela üzərində nəzarəti əldə etdikdən sonra bu ölkənin Kuba, Rusiya, İran və Çinlə münasibətlərini zəiflətməyə çalışacaq:
"Bunu həmin ölkələr də anlayırlar. Çinin Venesueladakı milyardlarla dollar yatırımlarının gələcəyi sual altındadır. ABŞ Venesuelada müxtəlif layihələr həyata keçirən Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər qoya bilər. Misal üçün Çinin neft şirkətlərindən biri 2024-cü ildə 1 milyard dollar yatırımla Venesuela hökuməti ilə 20 illik müqavilə imzalamışdı". 

"Pekinin ABŞ vasitəsilə Venesuela neftini alıb-almayacağı və ya Venesuela arasındakı mövcud razılaşmaların davam edib-etməyəcəyi hələlik məlum deyil. Çin Venesuelanın ən böyük kreditoru və ən böyük neft alıcısıdır, bu xam neft ixracının 80 faizindən çoxunu təşkil edir. Çin bundan başqa Si Cinpinin həyata keçirdiyi "Bir Kəmər, Bir Yol" Təşəbbüsü çərçivəsində Venesuelada mədənçilik və infrastruktur sahələrində əsas investorudur. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarətin həcmi 6,4 milyard ABŞ dollarına çatmışdı ki, bu ondan əvvəlki illər müqayisədə 52,5 faiz artım demək idi. Venesuelanın Çinə təxminən 12 milyard dollar borcu olduğu təxmin edilir. Əlbəttə, bu Çin üçün böyük vəsait deyil, ancaq bu Pekinin iqtisadi fəaliyyətinin daralması deməkdir. 
Pekin ABŞ-dan Maduro və onun həyat yoldaşının sərbəst buraxılmasını tələb edib. Aydındır ki, bunun reallaşması mümkün deyil. Bunu Pekin də anlayır. Buna baxmayaraq, Pekin çalışacaq ki, Venesuelada formalaşacaq yeni hakimiyyət Vaşinqtonun təzyiqləri qarşısında Çinlə iqtisadi əlaqələrdən imtina etməsin. Bunun alınıb-alınmayacağını gələcək aylar göstərəcək" - ekspert bildirib..

Xəbər xətti