Ötən günlərdə “Bravo” marketlər şəbəkəsində yumurtanın satışına limit qoyulmasına dair sosial şəbəkə platformalarında foto yayılıb. Belə ki, paylaşılan məlumata əsasən, bir şəxs marketdən maksimum 30 ədəd yumurta ala bilər. Sözügedən məhdudiyyət sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
İstehlakçıların bir qismi yumurta satışında limitin tətbiq edilməsini mümkün qıtlıqla və bunun fonunda qiymət artımı ehtimalı ilə əlaqələndirib.
Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli News24.az-a açıqlamasında bildirib ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq yoxdur:
“Biz o foto ilə bağlı araşdırma apardıq. "Bravo" marketlər şəbəkəsi bayram ərəfəsində yumurta qiymətlərinə endirim tətbiq edib, satış sayına məhdudiyyət qoyub. Bu, marketinqdə geniş tətbiq olunan təcrübədir. Satış şəbəkəsi bir malın qiymətini endirməklə yanaşı, onun bir nəfərə satış həcminə də məhdudiyyət tətbiq edir".
"Azərbaycanın quşçuluq təsərrüfatları hazırda ölkənin tələbatından da artıq yumurta istehsal edir. Ölkədə yumurtaya olan gündəlik tələbat 4,7-4,8 milyon ədəd təşkil edir. İstehsal isə 5-5,2 milyon ədəd arasındadır. Yəni gündəlik istehsal tələbatı üstələyir, hər hansı qıtlıqdan söhbət belə gedə bilməz”, - deyə M.Həsənli qeyd edib.
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov da bildirib ki, hazırda heç bir marketdə yumurtanın satışına rəsmi olaraq limit qoyulmayıb:
“Bu hal bayram günlərində yumurtaya tələbatın artması ilə əlaqədar müvəqqəti xarakter daşıyıb. Məhz bu səbəbdən marketlər tərəfindən müvafiq elanlar yerləşdirilib.
Hazırda yumurtanın satışında hansısa məhdudiyyət yoxdur. Anbarlarda və təchizat zəncirində kifayət qədər yumurta mövcuddur. Əgər marketlər davamlı şəkildə yumurtaya limit qoyarsa, bu süni defisit kimi qiymətləndirilə bilər. Belə hallar istehlakçılar arasında narazılıq yaradır və istehlakçı hüquqlarına ziddir. Lakin yumurtaya tələbatın kəskin artdığı günlərdə müvəqqəti limitin tətbiqi normal hal sayılır. Bu addım məhsulun hamı üçün əlçatan olmasını təmin etmək məqsədi daşıyır”.
Məsələ ilə bağlı “Bravo” marketlər şəbəkəsindən isə bildirilib ki, əsas prioritet müştərilərin rahat və fasiləsiz alış-verişini təmin etməkdir:
“Bazarda yumurtanın münasib qiymətlərlə satışı "Bravo" tərəfindən təmin edildiyindən bəzi hallarda kütləvi alışlar müşahidə olunur. Bu isə digər müştərilərin məhsulu əldə etməsində çətinlik yarada bilər.
Münasib qiymətlərlə təqdim olunan məhsulların bütün müştərilər üçün əlçatan olması məqsədilə kütləvi və topdan alışların qarşısını almaq üçün müvəqqəti alış limiti tətbiq edilib. Bu yanaşma sayəsində mağazalarımızda məhsul davamlılığı qorunur və müştərilərimiz yumurtanı rahatlıqla əldə edə bilirlər. Məqsədimiz münasib qiymətli məhsulların hər kəs üçün əlçatan olmasını və alış-veriş prosesinin daha rahat keçməsini təmin etməkdir”.