Paytaxtın Nərimanov rayonunda oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən 6000 manat dəyərində kompüter və televizor oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb.
Sabunçu rayonunda keçirilən tədbir zamanı isə gecə vaxtı vətəndaşın evinin qarşısında saxladığı 1800 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən İ.Əlizadə və M.Quliyev də müəyyən olunaraq saxlanılıblar.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.