İtaliya və İspaniya liqalarının oyunları Avropadan kənarda keçiriləcək

20:12 - 6 Oktyabr 2025 - İDMAN

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İspaniya və İtaliya liqalarının oyunlarının bu ölkələrdən kənarda keçirilməsini təsdiqləmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bundan əvvəl İspaniya Kral Futbol Federasiyası "Barselona" - "Vilyarreal" matçının Mayamidə keçirilməsi ilə bağlı müraciət göndərib, İtaliya Futbol Federasiyası isə "Milan" - "Komo" matçının Avstraliyada keçirilməsi ideyasını təsdiqləyib.

"Liqa matçları evdə keçirilməlidir, əks halda bu, fədakar azarkeşləri matçlara gəlmək imkanından məhrum edəcək və yarışın nəticələrini təhrif edə bilər", - UEFA prezidenti Aleksander Çeferin bildirib.
"Məsləhətləşmələrimiz bu narahatlıqların əsaslı olduğunu təsdiqlədi. Mən 55 milli assosiasiyaya bu həssas problemin həllində konstruktiv və məsuliyyətli fəaliyyətlərinə görə təşəkkür etmək istərdim.

Bu iki matçın keçirilməsi zərurətindən təəssüflənsək də, bu qərar müstəsnadır və presedent kimi qəbul edilməməlidir. Məqsədimiz bəllidir: milli liqaların bütövlüyünü qorumaq və futbolun öz doğma mühitində qalmasını təmin etmək”.

"Barselona" - "Vilyarreal" matçı dekabrın 21-ə, "Milan" və "Komo" isə fevralın 6-na təyin edilib.

Xəbər xətti