“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi işğaldan azad edilən rayonlara tabe məktəblərdə təhsil alan şagirdlərin peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaq üçün yeni layihənin icrasına başlayıb.
“Peşə öyrən, işsiz qalma!” - Məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində Abşeron-Xızı iqtisadi rayonunda fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə tabe Laçın rayon 11 və 45 nömrəli, Kəlbəcər rayon 18 və 21 nömrəli və Zəngilan rayon 33 nömrəli tam orta məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin peşə məktəblərinə ekskursiyasının təşkili nəzərdə tutulur.
“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihənin əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili, peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaq, peşə məktəblərinə getmək istəyən şagirdlərə konsultasiya xidməti göstərməklə onların doğru sənət seçiminə dəstək verməkdir.
Layihə işğaldan azad olunan və hazırda geniş səviyyədə quruculuq işi aparılan Şərqi Zəngəzura qayıdacaq rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin doğru sənət seçiminə yönləndirilməsi, peşə təhsilinin əhəmiyyəti, şagirdlərin respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırılmalarına hədəflənib.
Şagirdlərin maarifləndirilməsi məqsədi ilə layihənin icra olunduğu hər məktəbdə təhsil alan VII, VIII və IX sinif şagirdlərinin onların seçimi əsasında müasir tələblərə uyğun peşə hazırlığı öyrədilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil ediləcək. Peşə məktəblərində şagirdlərə, həmçinin Azərbaycanda peşə təhsili, peşə təhsili müəssisələrinin mövcud potesialı, bu istiqamətdə dövlət siyasəti, respublikamızda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı məlumat veriləcək.
Şagirdlər həm doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı bilgiləndiriləcək, həm də peşə məktəblərindəki təhsillə əyani tanış ola biləcəklər.
Bundan başqa peşə təhsilinə maraq göstərən şagirdlərə konsultasiya xidməti göstəriləcək.