ABŞ Ukraynada hərbi təyyarələrini yerləşdirə bilər

20:20 - 26 Avqust 2025 - DÜNYA

ABŞ münaqişə bitdikdən sonra təhlükəsizlik zəmanəti olaraq Ukraynaya hərbi təyyarələrini yerləşdirməyi və Kiyevə kəşfiyyat məlumatları təqdim etməyi təklif edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, avropalılarla aparılan danışıqlar nəticəsində Vaşinqton Böyük Britaniya və Fransanın başçılıq etdiyi “istəklilər koalisiyasının” hərbi kontingentinin yerləşdirilməsini təmin etmək üçün məlumat toplamaq, kəşfiyyat, müşahidə, komandanlıq, nəzarət və hava hücumundan müdafiə vasitələrini təqdim etməyə hazır olduğunu bəyan edib.

Eyni zamanda, ABŞ-nin özü hələ də Ukraynaya qoşun yeritmək niyyətində deyil.

FT-nin məlumatına görə, ABŞ-nin təmin etməyə hazır olduğu döyüş imkanları toplusu atəşkəs rejiminə peyk vasitəsilə nəzarət etməyə və Ukraynada Qərb qüvvələrinin effektiv koordinasiyasına imkan verəcək.

Nəşrin vurğuladığı kimi, Qərb ölkələri münaqişənin nizamlanmasına dair layihə variantını hazırlayıblar ki, bu variantda Ukrayna və Rusiya ilə razılaşdırılaraq, neytral sülhməramlı qüvvələrin patrul etməsi ehtimalı ilə demilitarizasiya zonasının yaradılması nəzərdə tutulur.

Xəbər xətti