"Azərbaycanı hədəf alan axmaq, absurd, mənasız bir sənəd qəbul ediblər"

14:57 - 19 İyul 2025 - SİYASƏT

Avropa İttifaqı Çin, Hindistan, Mavrikiya, BƏƏ və digər ölkələrin bəzi şirkətlərinə Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyinə görə sanksiyalar tədbiq edib. Sanksiya altına düşən şirkətlərdən biri də Azərbacanın “Aqua Fleet Management” şirkətidir. Sumqaytda, “Sülh küçəsində” qeydiyyatdan keçən şirkətin cəmi 3 gəmisi var, həmin gəmilər də, daha çox Braziliyada, Latın Amerikası ölkələrində fəaliyyət göstədidlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Real partiyasının sədri Natiq Cəfərli deyib. Natiq Cəfərlinin sözlərinə görə, görünən odur ki, Aİ-nın bəzi rəsmiləri Azərbaycanın da adının o silahıya düşməsi üçün çox çalışıblar:
"Amma, nə hikmətdirsə, həmin qərarda Ermənistan şirkətləri yoxdur, halbuki, 2022-ci ildən, Rusiyanın Ukraynaya təcavüzü və vəhşi işğala başladığı dövrdən üzü bəri Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi, təqribən, 7 dəfə artıb. Avropalı məmurlar axmaq deyillərsə anlamalıdır ki, bu orqanik, təbii artım deyil, ola da bilməz. Çox yaxşı anlayırlar ki, Ermənistan Rusiyaya bir çox məsələlərdə ciddi dəstək verir, sanksiyalar altına düşmüş, məsələn, Rusiyanın qızıl və qiymətli daşlar ixracı, özü də Qərbə, əsas da Belçikaya ixracı məhz Ermənistan üzərindən gedir, rəsmi İrəvan Rusiyaya ikili təyinatlı malların, yarımkeçirici və mikrosxemlərin ötürülməsində əsas rol oynayır – amma, Avropanın bəzi məmurları bunu görmürlər".

N. Cəfərli qeyd edir ki, elə Belçika demiş, bu ölkənin Nümayəndələr Palatası iyun ayının 17-də Azərbaycanı hədəf alan axmaq, absurd, mənasız bir sənəd qəbul edib, artıq həll olunmuş “Qarabağ məsələsini” yada salıb, Bakıda məhkəməsi gedən separatçı, cani və Rusiyanın birbaşa təsiri və idarəsində olan adamları müdafiə edib: 
"Ermənistan belə “Qarabağ” məsələsinin həll olunduğunu deyib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini 10 dəfə bəyanat verərək tanıyıb, amma rəsmi Brüsselin bəzi siyasətçiləri bu məsələdə də qərəz nümayiş etdirirlər. Belçika üzdə və ritorikada Rusiyaya qarşı olsa da, Kremlin cəsuslarını müdafiə etməsi də, bir ayrı tragikomediyadır.
Avropanın belə tutarsız, mənasız, məntiqsiz mövqeyinə görə qəhrəman Ukraya xalqı 3,5 ildir ki, dişi-dırnağı ilə mübarizə aparır, öz canları hesabına elə həmin Avropaya zaman qazandırırlar. Çünki, Avropa ağılsızcasına öz təhlükəsizliyini ABŞ-a yükləyib, hərbi sahəni “outsourcing” məntiqi ilə görüb, silah istehsalı və ordu quruculuğunda çox geriləmişdi. İndi onlara 2-3 il zaman lazımdır ki, hərbi sanayeni işə salsınlar, normal ordu qursunlar – utanmadan deyillər ki, qoyun Ukrayna xalqı vuruşsun, bizə zaman qazandırsın, amma heç əllərində, özlərində olan silah-sursatı belə tam şəkildə Ukraynaya vermirlər. 
Avropa, doğrudan da, siyasi, iqtisadi, hərbi olaraq “qocalıb”və qocaldıqca da “dişi tökülüb”, ağzında ABŞ-ın “protez dişləri” var idi, indi o “dişlər” də kəsərini itirir. Hamısı da öz səhvlərinin, simasız, dəyərsiz siyasətlərinin nəticəsidir..."

Xəbər xətti