Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində valideyinlərlə maarifləndirici görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Sabirabad rayon təhsil sektorunun müdiri Mircamal Həşimov və cari tədris ilində ümumtəhsil məktəblərinin 9-cu siniflərində təhsil almış şagirdlərin valideynləri iştirak edib.
Görüşdə Bəhruz Nəbili Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin nəzdində yaradılması nəzərdə tutulan, yalnız tam orta təhsil səviyyəsi (10-11-ci siniflər) üzrə fəaliyyət göstərəcək məktəbdə tədrisin təşkili və tam orta məktəbin əhəmiyyəti barədə danışıb.
O, məktəbin yenidən təşkilində məqsədin ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər üçün daha keyfiyyətli təhsil imkanlarını yaratmaq və onların inkişafı üçün əlverişli sosial-psixoloji mühitin formalaşdırılması olduğunu bildirib.
Bəhruz Nəbili məktəbdə tədris prosesinin şagirdlərin maraqlarına uyğun olaraq, təmayül tədris planları əsasında təşkil olunacağını bildirib. Məktəbdə tədris planının şagirdlərin dərinləşdirilmiş biliklərə yiyələnməsinə, seçdikləri ixtisasa daha yaxşı hazırlanmasına kömək etməsinə hədəfləndiyini, tədris prosesinə rayonun daha təcrübəli və peşəkar müəllimlərinin cəlb olunacağını qeyd edib.
Sonda valdeyinlər onları maraqlandıran sualları səsləndirib və irəli sürülən təşəbbüsü dəstəklədiklərini ifadə ediblər.