Salyan rayonunun Yeni Uluxanlı kəndində ərini qətlə yetirməkdə şübhəli bilinən 39 yaşlı Mətanət Hüseynova sərbəst buraxılıb.
Ucnoqta.az xəbər verir ki, ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi ilə bağlı başqa saxlanılan var.
Xatırladaq ki, Salyan Rayon Prokurorluğu və Rayon Polis Şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürüldüyü müəyyən edilib. 2024-cü il dekabrın 17-də 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanılıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulmuşdu.
Mətanət Hüseynova Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır, iki yeniyetmə övladı var./oxu.az