Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrə qədər) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.
Ucnoqta.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7,5 metrdir.
Artıq layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib. Hazırda ərazinin profilə salınması, yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri son mərhələdə olmaqla aparılır.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Layihə üzrə ümumi uzunluqları 338,6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.