Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bilim Bakı mərkəzinin şagirdləri İtaliyanın paytaxtı Roma şəhərində keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadasının qalibi olublar.
Ucnoqta.az xəbər verir ki, 320-dən çox komandanın yarışdığı olimpiadada “DENEYAP” texnologiya laboratoriyasının “Creators” komandası “Sağlamlıq elmləri və texnologiyaları” üzrə "Ali Məktəb Səviyyəsi" kateqoriyasında birinci yerin qalibi olub. Həmçinin “Turantech” komandası “Lego xəttinin təqibi” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Hər il noyabr ayında İtaliyada keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadası ən böyük robototexnika tədbiridir. Dünyanın hər yerindən robototexnika həvəskarlarını bir araya gətirən bu tədbir yalnız yarışma deyil, həm də sərgi və təhsil seminarları ilə robototexnikada ən son nailiyyətləri nümayiş etdirir. İştirakçılar yaradıcılıqlarını sərgiləyərək texnoloji bacarıqlarını nümayiş etdirməklə yanaşı, yeni əməkdaşlıq və layihələr üçün də imkanlar tapırlar.
Bu il olimpiadada 13 ölkədən 93 müxtəlif məktəb və universiteti təmsil edən 1123 iştirakçı 18 kateqoriya üzrə mübarizə aparıb.
“Bilim Bakı” mərkəzi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.