Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb, cinayət işi başlanıb - AÇIQLAMA - YENİLƏNİB

19:30 - 6 Oktyabr 2023 - HADİSƏ

 

Masallıda ticarət mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.

Bu, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında əksini tapıb.

“Oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal FHN-nin əməkdaşları hadisə yerinə çıxıb.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb”, - deyə məlumatda qeyd edilib.

17:10

Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə Ucnoqta.az-a FHN Mətbuat xidmətinfən məlumat verilib.

Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

16:44

Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.

“Report”un cənub bürosu xəbər verir ki, bu barədə bazarın yeni sahibi Afər Cahangirov deyib.

O, qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlərin yaranmasına səbəb olub.

“Çox güman ki, yanğın qəsdən törədilib”, - deyə o vurğulayıb.

16:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti