"Vətən Müharibəsi Qəhrəmanı" şəhidi Nihad Babayevin doğum günüdür

20:42 - 30 Avqust 2022 - Cəmiyyət

Vətən Müharibəsində qəhrəmancasına vuruşan, işğaldan azad olunan torpaqlar uğrunda canından keçən Nihad Babayev 1991-ci il avqustun 30-da Biləsuvar rayonunun Günəşli kəndində doğulub.

Ucnoqta.az xəbər verir ki, o, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2013-cü ildə isə Heydər Əliyev adına Ali Hərbi Akademiyanı uğurla başa vurub.

2014-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində leytenant rütbəsi alır və elə həmin ildən Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlı qrupda çalışır. 2016-cı ildə isə Türkiyə Respublikasında hərbi ixtisaslaşdırma üzrə təhsil alır və ölkədə 50 zabitin keçə bildiyi təlimi müvəffəqiyyətlə keçir. 2018-ci ildə vətənə qayıdaraq, Xüsusi təyinatlı bölüyün komandiri vəzifəsində xidmət edir, xüsusi xidmətlərinə görə kapitan rütbəsi alır. Hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə qədər yüksəlir.

Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib.

Oktybarın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Avqustun 30-da Vətən Müharibəsi Qəhrəmanının məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Nihad Babayev "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda",  "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
 

Xəbər xətti