Bu il bütün şagirdlər yeni forma geyinə bilməyəcək - RƏSMİ

11:51 - 29 Avqust 2022 - Cəmiyyət

Baş nazir Əli Əsədovun qərarı ilə 2022/2023-cü tədris ilindən yeni məktəbli formalarına keçid təsdiqlənsə də, bütün siniflər üzrə satışa başlanılmayıb. Məktəb direktorları məktəbli formalarının Tükiyədən sifariş edildiyini, sentyabrın əvvəlində satışa çıxarılacağını bildirirlər. Valideynlər isə qərarsızlıq içərisində gözləmə mövqeyi tutublar. Halbuki, rəsmilər bu istiqamətdə hər hansı çətinlik olmayacağını açıqlamışdılar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Modern.az-a danışan "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov  bildirib ki, buna səbəb forma ilə bağlı məlumatın gec verilməsidir. Buna görə də, bu il bütün şagirdlər forma ilə təmin edilə bilməyəcək:

“Bizə gec xəbər verildi. 1 ay qalmış məlumat aldıq. Bununla belə formanın rəngi ilə bağlı da heç bir məlumat verilmədi. Həmçinin, biz nazirliyin göstərişinə əsasən 4-cü sinifə kimi uşaqlara forma tikilişini nəzərdə tuturduq.  Ancaq indi 7-ci sinif şagirdinin valideyni deyir ki, forma niyə yoxdur. Valideynlərə nazirin göstərişini xatırladırıq. Onlar bizə məktəb direktorlarının fikirlərini deyirlər. Sən demə, direktorlar valideynlərə deyib ki, bütün hamı forma geyinməlidir. Yəni hərənin ağzından bir söz çıxır”.

E.Əzimovun sözlərinə görə, bütün formalar ölkəmizdə yalnız bir şirkətdə tikilsə də, mateirallar Türkiyədən, Özbəkistandan və Belarusdan gəlir. Bunun da səbəbi burada yun və pambıq parçanın istehsal olunmamasıdır.

BTE rəsmisi məktəbli formalarının rəngləri ilə bağlı da məlumat verib:
“Biz 17 avqustdan, yəni satışa başladığımız gündən bəri, göy və boz rəngdə formalar satırıq. Xaki rəngində məktəbli forması isə ümumiyyətlə tikmirik”.

“Gələn il artıq parçalarımız bol olacaq. Vaxtında tikilib hazırlanaraq anbarlara yığılacaq. Sadəcə bu il proses çox gec oldu. Eyni zamanda dövlət tərəfindən yaxud başqa mənbədən bizə maddi yardım da göstərilmədiyindən, biz bank krediti ilə işləyirik. Yəni əlimizdən gəldiyi qədər parçaları alırıq. Burada tikib, burada da satırıq”,- deyə E.Əzimov bildirib.

Xəbər xətti