Şəki-Zaqatala bölgəsi üzrə vakant direktor vəzifəsinə test imtahanı keçirilib - FOTO

20:11 - 15 İyul 2022 - Xəbər

İyulun 15-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Regional Təhsil İdarəsindən Ucnoqta.az-a bildirilib ki, Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən test imtahanında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları üzrə ümumilikdə 87 namizəd iştirak edib.

İmtahan zamanı namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim edilib.

İdarədən verilən məlumata görə, ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplayan, lakin müsahibəyə dəvət olunmayan namizədlər müvafiq seçim prosesinin yalnız müsahibə mərhələsində iştirak edə biləcəklər.


Xəbər xətti