Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək

13:58 - 6 İyul 2022 - Xəbər

Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq

Rəşt-Astara dəmir yolu xətti tamamlanıb istifadəyə verildikdən sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq. Ucnoqta.az xəbər verir ki,  bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə yerli televiziyaya müsahibəsində deyib. O bildirib ki, Rusiya ilə İran arasında 10 milyon ton yükün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınması haqqında razılıq əldə edilib. Bu yüklər İrana Xəzər dənizi vasitəsilə daşınacaq. Ş.Əfəndizadə Rəşt-Astara dəmir yolu xəttinin inşasının tezliklə başa çatdırılmasını zəruri hesab edərək vurğulayıb ki, bu yol hazır olduqdan sonra İranın tranzit imkanları daha da artacaq.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiyadan İrana daşınan tranzit yüklər Xəzər dənizi ilə Ənzəli limanına daxil olur və burada yenidən qatara yüklənərək istiqamətindən asılı olaraq Çabahar və Bəndər Abbas limanlarına daşınır. Bu limanlarda yüklər təkrar olaraq gəmilərə yüklənir və yola salınır. Göründüyü kimi, tranzit yüklər bir neçə dəfə yüklənib boşaldılır ki, bu da həm vaxt aparır, həm də xərcləri artırır. Lakin Rəşt-Astara yolu hazır olsa, Rusiyadan yüklər qatarla birbaşa İranın cənub limanlarına çatdırılaraq gəmilərlə yola salınar. Çünki Ş.Əfəndizadənin də dediyi kimi, Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək.

 

Xəbər xətti