"Diqqətli və kollektiv şəkildə oynasaq, Fransadan müsbət nəticə ilə qayıda qayıda bilərik".
Ucnoqta.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Fransada "Marsel"ə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin oyunundan öncə UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi Marsel şəhərinin eyniadlı təmsilçisinin Çempionlar Liqasını qazandığını xatırladıb: "Onlar artıq bir dəfə bu titulu başları üzərinə qaldırıblar. Düzdür, çoxdan olub. Amma bu, "Marsel"in köklü, güclü və Fransanın ən böyük klublarından biri olduğuna sübutdur".
O bildirib ki, Fransa klubuna qarşı oynamaq asan olmayacaq: "Amma son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. "Marsel" güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq".
"Qarabağ"ın Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanmış ilk komanda olduğunu söyləyən təcrübəli oyunçu artıq Ağdam təmsilçisinin bütün ölkələrdə tanındığını vurğulayıb: "Qrupda İspaniyanın "Atletiko" (Madrid) klubu ilə heç-heçə etmişik. Ən əhəmiyyətli dəyişiklik odur ki, biz artıq səfərdə oynayanda da rəqib komanda və baş məşqçi bizi ciddi qəbul edir və hörmətlə yanaşır. Sözsüz, “Qarabağ” hazırkı səviyyəyə gəlibsə, bu, ilk növbədə zəhmət hesabına olub. İndi başqa ölkələr bizə hörmət etməyə borcludurlar. Hesab edirəm ki, bu, bizim üçün Avropa yarışlarında əsas göstəricilərdən biridir. "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin bizim haqqımıda səsləndirdiyi fikirlər "Qarabağ"ın Avropada özünə real yer tutduğunun bariz sübutudur. Bu, bir çox nümunədən yalnız biridir. Biz artıq Avropada tanınır, hətta çox yaxşı formada sayılırıq. Çempionatımızın UEFA əmsalına baxmayaraq, komandamız çox yaxşı reytinqə malikdir".
Qarayevin sözlərinə görə, qrup mərhələsinin son oyununda İsveçrə "Bazel"inə səfərdə uduzmasaydılar, birbaşa 1/8 finala yüksələ bilərdilər: "Lakin qrupda birinci yeri tutmaq şansını əldən verdik. Əks-halda bu tarixi hadisə artıq reallığa çevriləcəkdi. Uzun illərdir avrokubokların qrupunda oynayırıq. Lakin hər dəfə qrupumuza daha güclü rəqiblər düşməsi bizi pley-offa çıxmaq xəyalımızdan bir az da uzaqlaşdırırdı. Amma cari mövsümün əvvəlindən özümüzə inanırdıq. Qrupumuzda "Bazel", Qazaxıstan "Kayrat"ı, Kipr "Omoniya"sı kimi yaxşı komandalar olsa da, növbəti mərhələyə yüksəlmək üçün lazım olan əzm və bəxtimiz var idi. Bu, unudulmaz andır. Biz "Qarabağ"ın tarixində yeni səhifə yazırıq".
Futbolçu bundan sonra daha ciddi və diqqətli olmağın önəmini qeyd edib: "Çünki müəyyən səviyyəyə çatanda azarkeşlərin uğursuzluğu qəbul etməsi getdikcə çətinləşir və onları razı salmaq üçün daha yaxşı işləməlisən. Pley-off oyunlarından sonra nələrin baş verəcəyi barədə danışmaq istəmirəm, amma biz üzərimizə düşən məsuliyyəti hiss edirik. Bilirik ki, növbəti illərdə azarkeşlərimizi sevindirməyə davam etmək üçün yeni zirvələrə çatmalı olacağıq".
Azərbaycan millisinin də formasını geyinən yarımmüdafiəçi bu mövsüm yaxşı komanda formalaşdırdıqlarını bildirib: "Bizə yeni oyunçular qoşulublar. Əminik ki, onlar komandaya çox şey gətirə və daha yaxşı oynamağımıza kömək edə bilərlər. Bu mövsüm əsas məqsədimiz Konfrans Liqasında qrupdan çıxmaq və növbəti mərhələyə adlamaq idi. Düşünürəm ki, komanda son oyunadək yaxşı aqressivlik nümayiş etdirdi. Oyun səviyyəmiz həm evdə, həm də səfərdə çox yaxşı olaraq qalır".
Qarayev ilk dəfə təşkil olunan turnirin qrup mərhələsində qapıya ən çox dəqiq zərbə vuran komandalardan biri olduqlarını əlavə edib: "Fikrimcə, bu göstəricidə rəqiblərimizin əksəriyyətindən üstün olduq və qrupdakı yeganə məğlubiyyətimizi son oyunda aldıq. Ümumiyyətlə, "Qarabağ" bu mövsüm daha yaxşı çıxış edir. Növbəti addım ən azı bu cür davam etməkdir".
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.///report