İngiltərənin "Çelsi" klubu futbol üzrə klublararası dünya çempionatının qalibi olub.
"Zadəganlar" Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Məhəmməd bin Zayed" stadionunda təşkil olunmuş final oyununda Braziliya "Palmeyras"ını məğlubiyyətə uğradıb - 2:1.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 55-ci dəqiqədə "Çelsi"nin hücumçusu Romelu Lukaku vurub. 64-cü dəqiqədə Rafael Veyqa penalti ilə bərabərliyi təmin edib. 117-ci dəqiqədə isə Kay Haverts penaltini dəqiq yerinə yetirib və Çempionlar Liqasının finalında olduğu kimi yenə qələbə topunun müəllifi olub.
Beləliklə, "Çelsi" tarixində ilk dəfə klublar arasında dünya çempionluğu əldə edib.