"24:0 hesabı təhqirdir" - Elxan Məmmədov

13:30 - 2 Fevral 2022 - İDMAN

"Konfransımız şəffaf şəkildə keçirildi. Səmərəli məlumatlar paylaşdıq, futbol ictimaiyyətinə təqdim etdik".

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Növbəti Konfrans və İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Milli assosiasiya rəsmisinin sözlərinə görə, Azərbaycan Premyer Liqasında komanda sayının artırılması barədə İcraiyyə Komitəsinin iki il əvvəl qəbul etdiyi qərarın tətbiqinə bu ildən başlayacaq: "Çempionatda hansı komandaların çıxış edəcəyini demək çətindir. Çünki bu, AFFA-nın Lisenziyalaşdırma Qrupunun işidir. İnanıram ki, 3-4 namizəd olacaq və onlardan minimum ikisini qəbul edəcəyik".

E.Məmmədov bu halda I Diviziona 2-3 komandanın qoşulmasına çalışacaqlarını dilə gətirib. O, aşağı liqanın Region Liqası hesabına formalaşacağını da söyləyib: "Region Liqasına maraq çox böyükdür. Komandaların yanaşması peşəkarlığa doğru gedir. Ona görə də I Diviziona bu liqadan da komanda dəvət edəcəyik".

AFFA rəsmisi VAR-la bağlı bütün sənədləşmə işlərinin yekunlaşdığını və avadanlıqların gətirilmə mərhələsində olduqlarını söyləyib.

Vitse-prezident futzal yığmasının Avropa çempionatındakı çıxışına da toxunub: "Pandemiya üzündən müəyyən məhdudiyyətlərə baxmayaraq, komandamızın final mərhələsinə vəsiqə qazanması ciddi nailiyyətdir. Qrupdan çıxsaydıq, yaxşı olardı. Gürcüstanı udmaq lazım idi. İspaniyaya qarşı fədakarlıq nümayiş etdirdilər. Azərbaycan Futzal Federasiyası ilə müzakirələr aparmışıq. Milli komanda, futzala yanaşma ilə bağlı yeniliklər olacaq. Mayadək federasiya bizimlə birgə təqdimatlar hazırlayacaq. Tələbələr arasındakı futzal yarışlarında peşəkarlıq lazımdır. İştirakçı sayında bir nəfər futzala gəlsə, böyük uğur olacaq".

V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə yığma komandanın formalaşdırılmasının Samir Əliyevə həvalə olunduğunu deyən E.Məmmədov Türkiyənin Konya şəhərində keçiriləcək oyunlara hazırlığın martda başlayacağını əlavə edib. Əsasnaməyə uyğun olaraq, 1998-ci il təvəllüdlü və 3 sərbəst yaşa malik futbolçular iştirak etməlidir. Vaxt baxımından çətinlik olacaq. Çünki avqustda 10 komandalı Premyer Liqaya başlayacağıq, həmçinin avrokubok oyunları olacaq. Sentyabrda isə milli komandanın seçmə matçları keçiriləcək.

Uşaq liqalarındakı vəziyyətə toxunan AFFA rəsmisi Uşaq Gənclər İdman Məktəblərinin roluna diqqət çəkib: "2009-2009-cu illərdə təhlilər apararkən bunu gördük. Almaniya Futbol İttifaqından gələn nümayəndələrin təhlillərindən sonra onların təqdimatları ilə bizimki üst-üstə düşdü. UGİM-lərin əksəriyyəti Təhsil Nazirliyinin nəzdindədir. Hazırda danışıqlar aparırıq. Bizə məlumat veriblər ki, yenə UGİM-lər uşaq liqalarında iştirak edəcəklər. Təhsil müəssisələri bağlı olduğu üçün onlar vaxtında məşqlərə başlamamışdılar. Amma indi bizə məlumat veriblər ki, onlar yenidən bərpa olunacaqlar".

14 yaşadək futbolun əyləncə statusu daşıdığını deyən E.Məmmədovun sözlərinə görə, məhz bu yaşdan sonra uşaqlardan futbolçunun olub-olmayacağı müəyyənləşir. Vitse-prezidenti İcraiyyə Komitəsinin bugünkü iclasında U-10, U-11 və U-12 liqasında hesabın nəzərə alınmamasına qərar verildiyini də diqqətə çatdırıb: "15:0, 23:1, 11:1, 16:1, 12:0, hətta 24:0 kimi hesablar qeydə alınır. Bu cür böyük hesablar təhqirdir. Ola bilsin, məşqçilər öz rəhbərlərinə təqdim etmək üçün belə hesablara razı olurlar. Amma rəhbərlərə bunlar lazım deyil. 2016-cı ildə UEFA-ya müraciət etmişdik ki, belə hesablar qadın futboluna təsir göstərir. Növbəti mövsümlərdən qadın futbolunda da Millətlər Liqası formatının tətbiq olunmasına başlayacaqlar.

Vitse-prezident bazara yeni daxil olmuş bukmeyker şirkəti ilə danışıqların davam etdirildiyini də dilə gətirib.

Sumqayıtda tikintisi dayandırılan şəhər stadionunun AFFA-nın balansında olmadığını deyən E.Məmmədov arenanın tezliklə istifadəyə verilməsini arzulayıb.///report

Xəbər xətti