Gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı keçirilib - Foto

10:47 - 29 Yanvar 2022 - Cəmiyyət

Yanvarın 27-də Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı keçirilib.

Ucnoqta.az xəbər verir ki, “Breyn-rinq” yarışında 12 komanda üzvü qarşılaşıb. Gərgin bilik mübarizəsi ilə keçən yarışın sonunda 83 Nömrəli Məktəb-Liseyin “Tarix Yazanlar” komandası I yer, 102 Nömrəli tam orta məktəbin “Uğur” komandası II yer, 299 Nömrəli Məktəb-Liseyin “5 BUTA” komandası isə III yeri tutub.

Yarışın mükafatlandırma tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məmmədov Elnur Məmməd oğlu, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evinin direktoru Zeynal Rəşidli və Arximed Təlim və Tədris Kompleksinin rəhbəri Fəridə Babayeva iştirak edib.

Tədbirdə çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev bildirib ki,  Azərbaycan Gəncləri Günü gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əlbəttə ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım ataraq bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elnur Məmmədov qeyd edib ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, yaradılan şərait və imkanlar bu sahəyə böyük diqqətin nəticəsidir.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətindən, ardıcıl olaraq keçirilən Gənclər Forumlarının əhəmiyyətindən söz açmış və Dövlət gənclər siyasətinin uğurla icra olunduğunu qeyd edib.

Digər qonaqlar çıxışlarında ölkəmizdə böyük qüvvə olan gənclərin hazırda dövlətimizin və birbaşa Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.

Sonda qalib gələn komandalar müvafiq dərəcəli diplomlarla mükafatlandırılıb.


Xəbər xətti