Hazırda hər kəsi maraqlandıran məqamlardan biri də verilən töhmətlə bağlıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, bu barədə məsələlər Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir:
"Məcəlləyə görə, bir intizam xətası səbəbindən müəllimə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən hər hansı intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Direktor töhmət verməzdən öncə müəllimdən izahat tələb edə, həmçinin ona xəbərdarlıq edə bilər. İzahat verməkdən imtinası müəllimə töhmət verilməsini istisna etmir".
Kamran Əsədov qeyd edir ki, bununla yanaşı, Məcəlləyə əsasən, müəllim əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, müəssisədaxili intizam qaydalarını pozduqda direktor ona törətdiyi xətadan asılı olaraq intizam tənbehlərindən, töhmət növlərindən birini verə bilər: "Məcəllədə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətin aşağıdakı növləri qeyd edilib:
- Töhmət vermək;
- Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
- Kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək;
- Əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
Qeyd edim ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Xətanın törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz".