"Mobil notariat"da etibarnaməyə görə artıq rüsum çıxılır - FOTO

19:45 - 25 Yanvar 2022 - Cəmiyyət

2019-cu ildən Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş "Mobil notariat" tətbiqi vasitəsilə müxtəlif notariat hərəkətlərinin mobil cihazlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi təmin edilir. Lakin iki ildir istifadəyə verilən bu tətbiqdə çatışmamazlıq istifadəçiləri narazı salıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə jurnalist Çingiz Səfərli bildirib. Jurnalistin sözlərinə görə, sistemin digər əlaqədar qurumların məlumatları ilə inteqrasiya olunduğu qeyd edilsə də qohum əlaqələri tanımır. Belə ki, sistem qardaşı, əri, arvadı və s. tanımır:
"Deməli, etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilirsə, dövlət rüsumu 10 manat, xidmətə görə tutulan haqq isə 1 manat 50 qəpikdir. Digər vətəndaşlara və ya hüquqi şəxslərə verilirsə, rüsum 15 manat, xidmətə görə tutulan haqq isə 2 manat 25 qəpik olur. Amma "Mobil notariat"da həm qohum həm də qohumluq əlaqəsi olmayan şəxsə etibarnamə verilməsinə görə 17 manat 25 qəpik rüsum tutulur. Şəxsən başıma gəldiyi üçün yazıram. Açıq-aşkar şəkildə dövlətin qanununu pozur və rüsumu artıq şəkildə alırlar. Söhbət 6 manatdan deyil, bu xidmətdən istifadə edən minlərlə insanın 6 manatından gedir! SAYĞILARIMLA..."


Xəbər xətti