Bu gün Xalq artisti Eldar Quliyevin doğum günüdür

14:19 - 18 Yanvar 2022 - Mədəniyyət

Bu gün görkəmli kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevdir anadan olmasının 81-ci ildönümü tamam olur.

Ucnoqta.az xəbər verir ki, fərdi təfəkkürünü, dünyagörüşünü, yaddaşının izini kinoda əks etdirən, mürəkkəb münasibətlərə, qəliz həyat hekayələrinə məntiqli münasibət bildirən, insanları narahat edən müxtəlif səpkili problemləri, görmək istədiyi həyat tablolarını kino sənətində canlandıran realist sənətkar Eldar Quliyevin yaradıcılıq palitrası çox zəngindir.

İnsan psixologiyasını, mənəvi aləmini yaradıcılığının qayəsinə çevirən, filmlərində təhlil edən istedadlı rejissor 1966-cı ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutundan məzun olduqdan sonra böyük yaradıcılıq eşqi ilə doğma Bakıya üz tutur, istedadını Azərbaycan kinosuna həsr edir. Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor ilk qısametrajlı (“Biri vardı, biri yoxdu”) filmi ilə həmkarlarının və kinosevərlərin diqqətini çəkir. “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın bədii (“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun, qızlar…”, “Səmt küləyi”, “Ürək…ürək…”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli filmə quruluş verən rejissor, həmçinin bir neçə bədii və sənədli filmin ssenari müəllifidir.

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb. O, 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olub və 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilib.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirib. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edib, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını alıb, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Rejissoru bütün dövrlərin hadisələri, insan taleləri, həyatın inkişafına olan müdaxilə və münasibətləri düşündürüb. Buna görə də böyük həcmli, çox aktyorlu, geniş planlı filmlərin müəllifini həmçinin (sosial mövzulu ekran əsərlərinə istinadən) hisslər rejissoru da adlandırmaq olar. Onu narahat edən prinsip və məsələlər (cəmiyyətin sosial durumu, insanların intellekt səviyyəsi, ictimai davranışı, məqsədi, məramı və s.) “Vacib müsahibə”, “Burulğan”, “Var olun, qızlar…”, “Ürək… ürək…” kimi filmlərdə əksini tapıb.

Müsahibələrində “Federiko Fellininin filmlərinə vurulmuşdum. İstəyirdim ki, çəkdiyim filmlərin hər hansı bir epizodu onun filmlərinin epizoduna bənzəsin” deyən rejissor, məşhur “Bir cənub şəhərində” filmi ilə iddialı yaradıcılığını isbatladı, məntiqli əsaslarla da davam etdirdi. Bir il rəfdə qalan film haqqında “bilirdim ki, film nə vaxtsa nümayiş olunacaq” deyən sənətkar sonrakı filmlərini də daxili intuisiyasına, məntiqinə əsasən əminliklə kinosevərlərə töhfə etdi.

Eldar Quliyevin quruluş verdiyi ekran əsərləri gənc kinematoqrafçılar üçün məktəb, kinoşünaslar üçün tədqiqat obyekti, kinosevərlər üçünsə həyatın inikasıdır. Odur ki, onun ekranlaşdırdığı sənət əsərləri öz müəllifini daim yaşadacaq.

Xəbər xətti