"Real" “El Klasiko”da qalib gəldi

01:49 - 13 Yanvar 2022 - İDMAN

İspaniya Superkubokunda mübarizəyə start verilib. Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində təşkil olunan turnirin yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Həlledici görüşə vəsiqə uğrunda birinci dueldə əzəli rəqiblər “Real”la “Barselona” üz-üzə gəlib. 248-ci “El Klasiko”nun birinci hissəsində komandalar hərəyə bir dəfə fərqlənib. Əvvəlcə Vinisyus Junior hesabı açsa da, 42-ci dəqiqədə Luk de Yonq bərabərlik topunu vurub. İkinci hissə Xavinin yetirmələrinin üstünlüyü şəraitində keçsə də, yenə “Real” önə keçib. Bu dəfə 72-ci dəqiqədə Kərim Benzema adını tabloya yazdırıb. Buna baxmayaraq, kataloniyalıların növbəti dəfə status-kvoya gücü çatıb. Sonradan meydana daxil olan Ansu Fati hesabı 2:2 edərək, matçın daha 30 dəqiqə uzanmasına şərait yaradıb. Karlo Ançelottinin kollektivi üçüncü və sonuncu dəfə hesabda önə keçməyi bacarıb. Federiko Valverdenin 98-ci dəqiqədəki qolu qarşılıqsız qalınca, “Real” 3:2 hesablı qələbə qazanaraq, yanvarın 16-da finalda iştirak hüququna yiyələnib. Beləliklə, “El Klasiko”lar tarixində 100-cü qalibiyyətinə sevinən “Real” əzəli rəqibi önündə ardıcıl qələbə seriyasını 5 matça yüksəldib. Bununla madridlilər Superkuboka ən çox sahib çıxan kataloniyalılarla (13 dəfə) fərqi 1-ə endirmək iddiasını davam etdirir.///apa

Xəbər xətti