"Legiya"nın baş məşqçisi Mahiri sərt tənqid etdi

22:39 - 8 Yanvar 2022 - İDMAN

Polşanın "Legiya" klubunun baş məşqçisi Aleksandar Vukoviç komandadan ayrılmaq istəyən Azərbaycan millisinin futbolçusu Mahir Emreli barədə fikirlərini bölüşüb.

Ucnoqta.az xəbər verir ki, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunu anlamaqda çətinlik çəkdiyini açıqlayıb.
"Ötən ay Mahirlə söhbətdən sonra demişdim ki, onun barədə məndə müsbət təəssürat yaranıb. Yanvarda görüşməyə razılaşmışdıq. İndiki vəziyyət və yanaşmasındakı dəyişiklik məcbur edir ki, belə fikrə gələk: Bu, necə oyunçudur ki, əvvəlcə yanvardan məşqlərə qatılmağa və heyətdə yer uğrunda mübarizəyə hazır olduğunu bildirir, sonra isə mövqeyini tamamilə dəyişir?!" deyə o vurğulayıb.

Vukoviç bildirib ki, onun üçün əsas məsələ hansı oyunçularla çalışacağını aydınlaşdırmaqdır: "Mahir Emreli ilk məşqimizə və tibbi baxışa gəlmədi. Bu ay mənim onunla birbaşa təmasım olmayıb. Birləşmiş Ərəb Əmirliklərinə hamımız birgə uçmamışıq. Mənim üçün yalnız komandada kimin oynayıb-oynamayacağı önəmlidir. Bu, çox sadə məsələdir. Kim "Legiya"da olmaq istəmirsə, bunu mümkün qədər tez öyrənməyə üstünlük verirəm. Söhbət təkcə Emrelidən yox, komandada olmayan istənilən oyunçudan gedir. Məsələni aydınlaşdırmaq üçün belə edirəm".

Baş məşqçi Emreli ilə birlikdə azarkeşlərin təzyiqinə məruz qalan braziliyalı hücumçu Lukinyasın artıq məşqlərə qatıldığını xatırladıb: "Həyatda elə hallar olur ki, insanın kim olduğunu öyrənirik. Lukinyas barədə təsəvvürüm var, amma bu gün Emrelinin kimliyini bilmirəm".

Qeyd edək ki, Mahir Emreli "Legiya"nın qış təlim-məşq toplanışına qoşulmayaraq, klubla müqaviləsini pozmaq istəyilə vəkillərinə müraciət edib.

///report.az

Xəbər xətti