UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq "Qarabağ" səfər oyununda ciddi problemlə üzləşə bilər.
Ucnoqta.az Report-a istinadən xəbər verir ki, Marseldəki qarşılaşmada "Velodrom" stadionuna yalnız koronavirus əleyhinə peyvəndin hər iki dozasını qəbul etmiş futbolçular buraxılacaqlar. İndiyədək mənfi test nəticəsi alternativ variant kimi qəbul olunsa da, artıq buna icazə verilməyəcək.
Çünki Fransa prezidenti Emmanuel Makron vaksinasiyanın bütün peşəkar idmançılar üçün məcburi olacağını açıqlayıb. Yeni qayda 2022-ci il yanvarın 15-dən tətbiq olunmağa başlayacaq. "Marsel"in heyətində futbolçuların 95 faizi peyvənd olunduğundan bu qərar yerli komanda üçün elə də ciddi narahatlıq yaratmır. Ağdam klubunda isə bu göstəricinin neçə faiz olduğu bəlli deyil.
Qeyd edək ki, "Marsel - "Qarabağ" oyunu fevralın 17-də keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.