Görkəmli yazıçı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin qala gecəsi baş tutub.
Ucnoqta.az xəbər verir ki, yazıçının ailə üzvlərinin də qatıldığı tədbirdə müxtəlif rəsmi qonaqlar və tanınmış simalar iştirak edib.
Nizami Kino Mərkəzində gerçəkləşən təqdimat mərasimində ürək sözlərini bölüşən baş rol ifaçısı, əməkdar artist Gülzar Qurbanova həyəcanlı olduğunu etiraf edib: “Baxmayaraq ki, uzun illərdir bu sənətdəyəm, amma çox həyəcanlıyam. Çox məsuliyyətli bir layihə idi. İnanıram ki, tamamşaçıların qəlbinə toxuna bildik. Hər kəsi bu gündən etibarən filmə baxmağa dəvət edirəm”.
“Best Model of the World” müsabiqəsinin qalibi Rüstəm Cəbrayılov isə peşəkar komanda ilə çalışmağın məmnunluğundan danışıb: “Sözsüz ki, heç nə asan deyildi, xüsusən də mənim üçün. Düşünürəm ki, bu film aktyor kimi tanınmağımda, sevilməyimdə xüsusi rol oynayacaq”.
Filmin baş prodüseri Hüseyn Cavadzadənin sözlərinə görə, “Nazik mətləb” filmi nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da nümayiş olunacaq. “İlk olaraq bu gün “Nizami Kino Mərkəzi”ndə qala gecəsi keçirtdik. Növbəti təqdimatlarımız isə Azərbaycanın bölgələrində və eyni zamanda xarici ölkələrdə olacaq”.
Qeyd edək ki, ekran işində tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək, işgüzar fəaliyyətinə kölgə salmamaq üçün sevgisini dilə gətirməyən müəllimin sevgi hekayəsindən danışılır.
Sujet xəttinə görə tərəflər nakam sevgidən qaçmağa çalışsa da, müxtəlif zaman kəsiyində və şəraitində yenidən görüşməli olurlar. Uzun illərin fasiləsinə baxmayaraq onlar hər dəfə üz üzə gəlir və yenidən ayrılırlar. Lakin həyat hekayələrinin sonuncu görüşü çox unudulmaz və gözlənilməz olur.
Filmdə baş rolları əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin azərbaycanlı qalibi model Rüstəm Cəbrayılov canlandırıb. Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir. filmdə aktyorların gənclik və yaşlılıq dönəmi üçün seçilən obrazların hazırlanmasında xarici ölkədən dəvət olunmuş qrim ustaları çalışıb.
“Caspian Media Group”un hazırladığı “Nazik mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru İrəm Laçındır.