"Məğlubiyyətə baxmayaraq, futbolçularımı təbrik edirəm. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Bu gün qalib gəlməyi çox istəyirdik. Futbolçulara tapşırıq verilmişdi ki, heç bir halda geri çəkilməməliyik. Sonadək meydanda bunu gördüm. Xeyli sayda qol epizodları yaxaladıq. Heç olmasa, bunların bəzilərindən istifadə etmək lazımdır. Amma həyəcan, heç nədən buraxılan qol bizə mane oldu".
Ucnoqta.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.49 yaşlı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib: "Bu il uğurlu oyunlar keçirdilər. Bütün matçlarda eyni istək, eyni dinamika ilə oynadılar. Həmçinin rəqibi təbrik edirəm. Onlar da istəkli idilər. Görünən odur ki, meydan sahibləri istəklərinə çatdılar. Bizdə isə alınmadı. Mənim əsas istəyim futbolçularımın matça köklənməsi idi. Bu gün onun da şahidi oldum. Oyunçularımın hər birini qucaqlayır, onlara gələcək görüşlərdə uğurlar arzu edirəm".
Qurbanovun sözlərinə görə, 2-ci dəqiqədə Abdullah Zubirin vurduğu qolun sayılmaması oyunlarına mənfi təsir edib: "Sanki futbolçular bir az ruhdan düşdülər. Əslində matçdan öncə hakimliklə bağlı danışıb onların psixologiyasını yormaq istəmirdim. Amma qol sayılmadığı üçün meydanda ruh düşkünlüyü hiss olundu. Onları sakitləşdirməyə çalışdım. Bundan sonra daha ürəkli oynamağa başladılar. Artıq gecdir. İstərdim ki, nəinki bizim, heç bir komandanın haqqına girməsinlər. Çünki onlar ədaləti təmsil edirlər. Təəssüf ki, aralarında belələri də olur. Bu cür turnirlərdə kiçik bir səhv komandanın nəticəsini əlindən alır. Əfsuslar olsun ki, belə alındı. Bizim üçün rəqibin fərqi yoxdur. Bütün oyunlarda ədalətli hakimliyin olmasını istərdim".
Təcrübəli mütəxəssis deyib ki, qarşıda komandasını bəlkə də daha ağır hakim qərarları gözləyir: "Çünki bu cür halların sayı çoxala-çoxala gedir. Niyə belə olduğunu bilmirəm. Bir neçə komandanın oyunundakı idarəçiliyi analiz etmişəm. Arada reytinq fərqi varsa, aşağı reytinqli komandalara üstdən-aşağı baxırlar. Sanki digər klublara daha çox simpatiya bəsləyirlər. Hakimdə necə ürək olmalıdır ki, belə qərarları verə bilsin. Bəlkə yeni turnir olduğu üçün burada VAR sistemi və "Goal line" texnologiyası yoxdur. Amma sanki hakimlər bu vəziyyətdən istifadə edirlər. Bunu görməmək, qolu saymamaq...
Gedişata baxanda hər şey tam əksinə olmalı, rəqib çox sayda boşluq verməli idi. Hər şeyi onların vicdanına buraxıram. Kiminsə haqqına bu dərəcədə girmək olmaz. Heç bir halda sınmırıq. Əksinə, bu cür hallara qarşı daha çox mübarizə aparacağıq. Çünki dəfələrlə başımıza gəlmiş hadisələrdir. Bunlar bizi futboldan iyrəndirə bilməz. Əksinə, bizə güc verir. Sadəcə, futbolçuların əziyyəti yerdə qalır. Azarkeşlərimizin arzusu, istəyi puç olur. Bəlkə də bizə üstdən-aşağı baxırlar. Amma biz başımızı dik tutub gəzirik. "Bazel" kimi komandaya qarşı oynasaq da, hücum futbolundan əl çəkmədik və rəqibin üzərinə getdik. Əlbəttə, çatışmazlıqlarımız da var. Amma səhvlərimizdən nəticə çıxararaq, qarşıdakı matçlara daha yaxşı hazırlaşacağıq".
İbrahima Vadjinin qaçırdığı qol epizodlarına da toxunan Qurbanov belə oyunlarda təcrübənin daha çox kömək etdiyini söyləyib: "Vadji qol epizodlarını boşa verdiyi üçün çox əziyyət çəkdi. Ona irad bildirsəm, düzgün olmaz. Bu cür hallar mövsüm ərzində 3-4 oyunda olur. Ustalığı daha yüksək olsaydı, istifadə edərdi. Bununla belə, meydanda bütün gücünü ortaya qoydu. İlk dəfədir belə turnirdə iştirak edir. Onu qarşıdakı günlərdə daha yaxşı görəcəyik".///report