Braziliya millisinin sabiq futbolçusu Pele yenidən xəstəxanaya yerləşdirilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hazırda San-Pauludakı özəl klinikada müalicə alan əfsanəvi hücumçunun durumu sabitdir.
Onun yaxın günlərdə evə buraxılacağı bildirilib.
Qeyd edək ki, Pele daha əvvəl avqustun 30-da xəstəxanaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.
Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.
Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.