Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” növbəti matçını keçirib.
Apasport.az saytının məlumatına görə, Avropanın üçüncü dərəcəli klub turniri olan Konfrans Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son ev oyununda qüvvəsini sınayıb.
İlk iki yerdən birini təmin edən Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda “Omoniya” ilə görüşüb. Səfərdəki oyunda olduğu kimi yenə hesabı ilk yarıda kiprlilər açıb.
Bütün görüş boyu üstünlüyə malik olan “Qarabağ” fasilədən sonra hesaba tarazlıq gətirib. Künc zərbəsindən sonra kiprlilər avtoqola üzülüblər. Az sonra qırmızı vərəqə alan qonaqlar azlıqda qalıblar. “Qarabağ” bu say üstünlüyündən yararlana bilməyib. Düzdür, Patrik Andradenin qolundan sonra təmsilçimiz hesabda önə keçib. Lakin kiprlilər irəli çıxan Şahrudin Məhəmmədəliyevin bu kobud səhvindən sonra uzaqdan zərbə ilə hesabda tarazlıq yaradıb – 2:2.
Evdə xal itirən komandamız “Bazel”ə çatsa da, əlavə göstəricilərə görə ikinci pillədə qalıb. Pley-offa deyil, birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün ağdamlılar əsas rəqibini səfərdə məğlub etməlidir.
Qeyd edək ki, “Qarabağ” dekabrın 9-da keçiriləcək VI turda İsveçrədə “Bazel”in qonağı olacaq.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, V tur
25 noyabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr) - 2:2
Qollar: Paris Psaltis, 49 (öz qapısına), Patrik Andrade, 88 - Mihal Duriş, 43 (p.), Jordi Qomez, 90
Qırmızı vərəqə: Kiko, 66
Baş hakim: Morten Krox (Danimarka)