"Komanda şəklində dünya üçüncüsü olduq. Son olaraq 2010-cu ildə finala yüksələ bilmişdik. 11 ildən sonra bürünc medal qazandıq. Hər il hansısa maneə qarşımızda olur, finala çıxa bilmirdik. Bunun da səbəbi var. Həmişə medal qazananda yaxşı şeylərdən danışırlar. Amma nöqsanları da demək lazımdır".
Bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatından qayıdan Azərbaycanın karate üzrə milli komandasının lideri Rafael Ağayev (75 kq) qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.
36 yaşlı idmançı komanda yoldaşlarının və məşqçilərin əziyyəti sayəsində medal əldə etdiklərini vurğulayıb: "Mən də onların adından demək istəyirəm ki, yarış çox gözəl keçib. Hansısa bir səbəbdən məğlub olduq. Tək mən yox, komanda şəklində çox gözəl iştirak etdik. Hər komandada dəyişikliklər olur. Bizim komandadan Ayxan Mamayev bu dəfə yox idi. Şəxsi yarışlarda Pənah Abdullayevin çənəsi iki yerdən qırılmışdı. Ona görə təcili olaraq Bakıya qayıtdı və əməliyyat olundu. Ona da salamlarımızı çatdırırıq. Hamını təbrik edirəm. Yeni komanda ilə dünya üçüncüsü olduq, bundan sonra da uğurlarımız bol olacaq".
Təcrübəli karateçi ağır zədədən sonra dünya çempionatına yollanmağın çətin olduğunu bildirib: "Bunu dildə demək bəlkə də kiməsə asan gəlir. Şəxsi yarışlarda hər şey qaydasında idi. ABŞ təmsilçisi Skott Tomasla 9 görüş keçirmişəm. Ona ilk dəfə idi uduzurdum. Həmin qarşılaşmada 0:3 hesabı ilə geridə idim və 3 xal alaraq hesabı bərabərləşdirdim. Hakimlərin rəyi ilə ABŞ idmançısı qalib oldu. Bunu kompliment olaraq demirəm. Həqiqətən bir az dincəlsəydim, 6 qat dünya çempionu olacaqdım. Sadəcə, çox yoruldum. Amma irəli baxmaq lazımdır. Yaxşı mənada başımızı aşağı salıb məşqlərə davam etməliyik. Söz-söhbətə yox, məşqlərə daha çox fikir verməliyik. İnanıram ki, yenidən bayrağımızı dalğalandıracağıq".///report