Qurban Qurbanov: "Qələbə üçün mübarizə aparacağıq"

17:16 - 3 Noyabr 2021 - İDMAN

“Bizi çox gözəl oyun gözləyir".

Ucnoqta.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la keçiriləcək oyun haqda danışarkən deyib.
Sabah Qazaxıstanda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransına qatılan 49 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Bilirik ki, "Kayrat" matça tam hazırdır. Onların qələbəyə ümidləri var. Amma biz də üç xalla ayrılacağımıza ümid edirik".

- Bu mövsüm avrokuboklarda məğlubiyyətiniz yoxdur. Uğurun açarı nədir?
- Bu məğlubiyyətsiz qaçışdan bezmişəm. Uduzub xal qazanmamaq üçün hər görüşə maksimum hazırlaşırıq və sabah da qələbə üçün mübarizə aparacağıq. Qalib gəlsək, deməli, lazım olan qədər hazırıq.

- Sabah 17 dərəcəyə qədər şaxta gözlənilir. Azərbaycan klubları belə şəraitdə oynamağa öyrəşməyib. Belə iqlim şəraitinə xüsusi hazırlaşmısınız?
- Təbiətdə pis hava yoxdur. Futbolçulara deyirəm ki, istənilən çətinliyə hazır olmalıdırlar. Futbolçularım bunu yaxşı bacarırlar. Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq. Hər bir rəqibə şərtdən asılı olmayaraq, qalib gəlməyə çalışırıq.

- “Kayrat”da hansı güclü cəhətləri qeyd edərdiniz?
- İlk növbədə çox təcrübəli Kurban Berdıyev və futbolçuları qeyd edərdim. Topla və topsuz komandanın yaxşı qarşılıqlı əlaqəsi var. Rəqib müdafiədə güclüdür və əks-hücumlarda yaxşı oynayır. Bundan ehtiyatlanmaq lazımdır. Biz Bakıdakından daha yaxşı oynamalıyıq.

- “Qarabağ” bir neçə dəfə avrokubokların qrup mərhələsində çıxış etsə də, pley-offa adlaya bilməyib. Bu, komandaya təzyiq edir?
- Artıq səkkiz ildir ki, Avropada oynayırıq və həmişə irəliləməyi hədəfləyirik. Uğursuzluqlar olub, amma ruhdan düşmürük. Biz hər zaman öz üzərimizdə işləməyə davam edirik. Sabahkı oyunda əlimizdən gələni edəcəyik.

Xəbər xətti