"Əlimizdə olan oyunçular bunlardır" - De Byazi

22:58 - 7 Sentyabr 2021 - İDMAN

“Dünən də demişdim ki, asan olmayacaq. Çox güclü rəqibə qarşı oynayırdıq".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə Bakıda keçirilən oyundan (0:3) sonra mətbuat konfransında deyib.

- Sizə nə qədər vaxt lazımdır ki, azarkeşlərin üzü gülsün?
- Portuqaliya bizdən əvvəl yoldaşlıq görüşü keçirmişdi, heyətində çox dəyişiklik etmişdi. Bir çox oyunçusu tam hazır vəziyyətdə idi. İki komanda arasında texniki fərq də böyük idi. İrlandiya və Serbiya ilə oyunlara da baxmaq lazımdır. Bizim kimi komandaya bəzi oyunçuların yoxluğu əlavə problem yaradır. Bugünkü qarşılaşmaya da itkilərlə çıxmışdıq. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçuların fiziki durumu yaxşı deyil. İrlandiya ilə görüşün də ikinci hissəsini bu üzdən müdafiədən keçirdik. Halbuki həmin matçın ilk yarısında hücum futbolu sərgiləmişdik. Güc çatmayanda məcburiyyət qarşısında qalırıq.

- Azərbaycan millisi ilə irəliləyişə nail olmaq üçün sizə nə qədər vaxt lazımdır?
- Mənə nə qədər vaxt lazım olması problem deyil. Biz qrupda reytinq baxımından 5-ciyik. Reytinqdə yüksəlməliyik. Hər şeyi bir gündə, bir dəqiqədə dəyişmək olmaz. Mən sehrbaz deyiləm. Əlimizdə olan oyunçular da bunlardır.

- Digər yığmalarla müqayisədə bir həftə əvvəldən toplanışa başladınız və 3 oyunda 1 xal topladınız. Bu müddətdə xeyirli bir şey gördünüz?
- Bir həftə tez başlamağı mən xahiş etmişdim. Bu gün rəqiblə aramızda texniki və fiziki fərqi yəqin ki gördünüz. Portuqaliyalı futbolçular dayanmadan qaçırdılar. Topla necə davranırlar, qorxmadan oynayırlar. Bu gün yaxşı oynaya bilmədik. Xüsusən də, birinci hissədə istədiyimiz kimi keçmədi. Amma nəzərə alaq ki, 7 gündə 3-cü oyunumuz idi.///apasport.az

Xəbər xətti