Bu gün Azərbaycan millisi Lüksemburqla qarşılaşacaq

08:03 - 1 Sentyabr 2021 - İDMAN

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək. Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə 4 futbolçu matçı buraxacaq. Onlardan Dioqo Pimentel və Eldin Dzoqoviç koronavirusa yoluxduqları üçün, Marvin Martins və Kris Filipps isə zədə səbəbindən meydana çıxa bilməyəcək. Bu kollektivlər arasında indiyədək baş tutan 5 oyunun 3-də heç-heçə qeyd alınıb. Komandalar hərəyə bir qələbə qazanıblar. Azərbaycan millisi səfərdə rəqibinə uduzmayıb. Qeyd edək ki, 2 oyundan sonra xalı olmayan Azərbaycan sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür. Bu qrupun digər matçında Portuqaliya evdə İrlandiya ilə qarşılaşacaq.

Xəbər xətti