"Bu, çox vacib oyundur. Ağır matçlardan sonra buralara gəlmişik. Sabahkı görüşdə bir komanda mübarizəni dayandırmalıdır".
Bu fikirəri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis qarşılaşmaya tam hazır olduqlarını bildirib: "Rəqibi çox istəkli görürük. Sabah azarkeşlər hər iki kollektivin oyunundan zövq alacaq".
Təcrübəli baş məşqçi daha sonra jurnalistlərin suallarını da cavablandırıb.
- Azərbaycandakı oyunda "Aberdin"lə bağlı nələri öyrənmisiniz?
- Klub haqqında məlumatımız çoxdur. Sadəcə, hər oyunçunun potensialını daha yaxından öyrəndik və onları daha yaxşı tanıdıq. Çox istəkli komanda və futbolçularla üz-üzə gələcəyik. Mən həmişə düşünmüşəm ki, belə komandalarla görüşlərin faydası var. Yaxşı oyun öz yerində, "Aberdin"ə qarşı həm də yaxşı mübarizə aparmalıyıq. Rəqibin fiziki cəhətdən yaxşı futbolçuları var. Çox şey danışmaq olar. Bu gün hələ ki, bunlar bəs edər.
- "Aberdin"də hansı oyunçuları təhlükəli hesab edirsiniz?
- İndiyədək hansısa oyunçu haqqında fikir bildirməmişəm. Amma komanda olaraq rəqibin təhlükəli olduğunu bilirəm. Bakıdakı oyundan əvvəl də öz fikirlərimi bildirəndə demişdim ki, onların özlərinə məxsus oyun üslubları var. Həmin oyun üslubunu da oyunçuların hamısı düzgün yerinə yetirir. Çox bacarıqlı baş məşqçiləri var. Sabahkı oyunda yaxşı oyunçulara və kollektivə qarşı mübarizə aparacağıq. Bunun də üçün hazırlaşmışıq.
- Cəzalı və ya zədəli oyunçularınız var?
- Bəli. Bu barədə məlumat verilib. Patrik Andrade cəza səbəbindən oyunu buraxacaq. Zədəli oyunçularla bağlı həkimlər tərəfindən məlumat veriləcək. Ola bilər ki, bəziləri meydana çıxsın. Andradenin oynamayacağı dəqiqdir.
- Saat fərqini də nəzərə alsaq, Şotlandiyaya səfər sizə nə dərəcədə təsir edəcək?
- Bunu nəzərə alaraq, Aberdinə oyundan iki gün əvvəl gəlmişik. Dünən axşam saatlarından buradayıq. Dediyiniz məsələ barədə əsla düşünmürük. Bütün fikrimiz, düşüncəmiz oyuna tam hazır olmaqdır.
- Daha əvvəl Şotlandiyanın "Seltik" klubu ilə üz-üzə gəlmisiniz. Həmin oyundakı təcrübənizdən yararlanacaqsınız?
- Məncə, bu oyun çox geridə qalıb. Sadəcə, rəqiblər tam fərqli komandalardır. Bizdə də fərqli heyətdir. Amma son illərdəki təcrübəmizin belə matçlarda faydası olur. Qarşımızdakı rəqib də çox istəklidir, qrup mərhələsinə vəsiqə qazanmaq niyyətindədirlər. Təcrübə ilə bərabər meydanda xarakterli oyunçuların olması da önəmlidir.
- İlk oyunda "Aberdin"in futbolçusu Endryu Konsidayn zədə aldı. Bu barədə fikriniz necədir?
- Ümumiyyətlə, zədə alan hər bir futbolçuya görə üzülürəm. Fərqi yoxdur: o, öz komandamın, ya rəqibin oyunçusu olsun. Sadəcə üzüldüyümü bildirir, ona sağlamlıq və gələcək karyerasında uğurlar arzulayıram.
- Sabahkı oyunda hansı komandanı favorit kimi görürsünüz?
- Hansı komandanın favorit olacağını demək düzgün olmaz. Hər iki komandanın şansı var.
- Çoxlu ötürmələrlə oynamağı sevirsiniz. Sizcə, bu baxımdan, meydanın durumu sizə yardımçı ola biləcək?
- Ümumiyyətlə, futbol ötürmələrlə oynanılır. Hər bir komanda bunu bacarmalıdır və bundan ötrü yaxşı meydan olmalıdır. Burada təkcə meydan deyil, stadiondakı ab-hava məni qane etdi. Həqiqətən də belə bir stadionda oynamaq çox xoşdur. Bildiyim qədərilə sabah stadion azarkeşlərlə dolu olacaq, azarkeşlər hər iki komandanın oyunundan zövq alacaqlar. Düzgün və baxımlı oyun sərgiləməyə çalışacağıq.
- Son illər qalib ayrıldığınız pley-off oyunlarından nələri öyrənmisiniz?
- Bunları bir-bir sadalaya bilmərəm. Amma dəfələrlə fikirlərimi bildirmişəm ki, nə qədər desək də, təkcə pley-off deyil, digər qarşılaşmalardan da çox böyük təcrübə toplamışam. Bundan daha artığını etmək və belə görüşlərdə daha çox iştirak etmək istəyirəm ki, bilik, elm və savadım daha da çoxalsın.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.