UEFA-nın yeni reytinq siyahısı açıqlanıb
09:50 - 20 Avqust 2021 - İDMAN
Avrokuboklarda pley-off mərhələsinin ilk görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
"Report"un məlumatına görə, bu dəfə Azərbaycanın aktivinə 0,375 xal yazılıb. Həmin xallardan 0,250-ni "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Şotlandiya "Aberdin"i üzərində 1:0 hesablı qələbə sayəsində əldə edib. 0,125 xalı isə "Neftçi" İsrailin "Makkabi" (Hayfa) komandası ilə 3:3 hesablı heç-heçədən sonra qazanıb.
Bununla da cari mövsümdə Azərbaycanın xal sayı 1,875-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,500-ə çatıb. Əldə edilən xallarla irəli getmək mümkün olmasa da, 1 pillə geriləyən Sloveniya ilə xalları bərabərləşdirmək mümkün olub. Hazırda Sloveniya və Azərbaycan 29-30-cu yerləri bölüşürlər. 31-ci pillədəki Slovakiya 14,000 xala malikdir. Xalını 14,625-ə çatdıran Polşa isə 28-ci pilləyə yüksəlib.
Pley-off mərhələsindəki rəqib komandaların təmsil etdikləri ölkələrə gəldikdə, Şotlandiya 31,200 xalla 8-ci, İsrail 20,625 xalla 23-cü pillədə qalıb.